“Əvvəlki hakimiyyətlər Qarabağla bağlı doğru qərara getdiklərini bəyan edirsə, başladıqları işi özləri başa vurardılar”.
Teleqraf.com xəbər verir ki, bunu “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.
“Serj Sərkisyanın partiyasından olan millət vəkilləri bəyan edirlər ki, əraziləri verənlər xaindir. Amma bundan əvvəlki illər də Qarabağın müstəqilliyinin tanınması müqabilində müəyyən ərazilərin təhvil verilməsi barədə müzakirələr aparılmışdı. Sərkisyanın özü isə dedi ki, Ağdam onsuz da bizim deyildi. Əgər o, danışıqlar yolunun düzgünlüyünə inanırdısa, geri çəkilmədən işini davam etdirməli idi”, - Marukyan bildirib.
Onun fikrincə, Levon Ter-Petrosyandan Paşinyana qədər Ermənistan rəhbərlərindən hər hansı biri 7 rayonu qaytarmaqla məsələni həll edə bilərdi:
“Sonra dedilər ki, heç bir güzəşt məqbul deyil, indi əksini deyirlər - məsələni güzəştə getməklə həll edə bilərdik. Ancaq bu vəziyyətdə Serj Sərkisyanın Karen Karapetyan vasitəsi ilə olsa da, məsələni niyə başa çatdırmadığı aydın deyil”.
Sərkisyan Respublikaçı Partiyasının sədri olaraq qalsa və Karen Karapetyan baş nazir olarsa, nə dəyişərdi? Qoy Karen Karapetyan bu məsələni Sərkisyanın indi söylədiyi şəkildə həll etsin”.
O, 2018-ci ildə “məxməri inqilab” dövründə parlamentin iki dəfə baş nazir seçdiyini xatırladıb: “Hər ikisində “Yelk” fraksiyası (Marukyan və Paşinyan daxil idi) Paşinyanın namizədliyini irəli sürdü. Ancaq Respublikaçı Partiyası heç birində Karapetyanın namizədliyini irəli sürmədi. Ancaq təbii ki, min fərqli ehtimal ola bilərdi. Bəlkə Karen Karapetyanın özü namizəd olmaq istəməyib. Bilmirəm, keçmiş hakim partiya bunu izah etsin”.
Qeyd edək ki, Ermənistanın keçmiş prezident Serj Sərkisyan bundan əvvəl Qarabağla bağlı bir sıra fikirlər səsləndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanla son müharibədə Dağlıq Qarabağın müstəqilliyini tanımalı idi. O, eyni zamanda, müharibədən əvvəl Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması ilə münaqişənin həll edilməsi məsələsinə də toxunub.