“Bu mərhələdəki Ermənistan-Rusiya münasibətləri faktiki olaraq Qarabağdakı müharibəyə son qoyan 10 noyabr bəyanatının icrası ilə məhdudlaşır. Təəssüf ki, bu münasibətlərdə yeni gündəm yaranmadı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib.
Siyasətçiyə görə, Ermənistan rəhbərliyinin bacarıqsızlığı və bəlkə də məğlubiyyət sindromu strateji müttəfiqlə münasibətlərdə tamamilə durğunluğa səbəb olub, İrəvan təşəbbüskarlığını itirib və bir anda belə bir Ermənistan Kreml üçün ağır yükə çevrilib.
Demokrat Partiyasının lideri hesab edir ki, ənənəvi olaraq ikitərəfli münasibətlərin əsas sahələrindən biri olan müdafiə sahəsində əməkdaşlıqda da böyük ölçüdə ətalət var və münasibətlər Rusiyanın bölgədəki maraqlarının diktə etdiyi yönə inkişaf edir:
“Bəyanat çərçivəsində işbirliyimizdə yeni komponentlərin olmadığı bir vəziyyəti yaradan Ermənistan tərəfi idi. Buna parlaq nümunə: Azərbaycanın istəyi ilə Ermənistan rus məktəblərinin dərsliklərindən silinir və erməni tərəf inadkarlıqla susur”.
Sərkisyan qeyd edib ki, Rusiya və Türkiyə arasında Qarabağ müzakirəsində erməni faktoru nəzərə alınmır: “Mövzu bu yaxınlarda Rusiya və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığında da müzakirə edilib”.
Siyasətçi iddia edir ki, Ermənistanda hakimiyyətə yeni komanda gəlsə, Ermənistan-Rusiya əməkdaşlığı yeni keyfiyyət əldə edə bilər.