“Ermənistan ölkə və müstəqil bir dövlət olaraq uçurumun kənarındadır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni ordusunun təqaüddə olan polkovniki Arşavir Qaramyan deyib.
O, Ermənistan üçün “ümummilli fəlakətlər”i də sadalayıb:
“Milli-ideoloji planın və bu məqsədə çatmağın yollarının olmaması, milli inanc və kilsənin depressiv vəziyyəti, milli mədəniyyət və ənənələrin anlaşılmaz durumu, Dağlıq Qarabağın faktiki itirilməsi və qeyri-müəyyən vəziyyət, erməni soyqırımının faktiki olaraq unudulması və yalnız rəsmi, mərasim tədbirləri ilə xatırlanması, cəmiyyətdə parçalanma və dözülməz nifrət mühiti...”.
Qaramyan qanunverici hakimiyyət də daxil olmaqla, məhkəmə sistemi, təhlükəsizlik orqanları və silahlı qüvvələrdə ciddi problemlərin olduğunu bildirib:
“Gördüyünüz kimi, milli sahədə zəif və qeyri-mütəşəkkillik var, dövlət strukturları uğursuzdur, ya da anti-milli qüvvələrin nəzarəti altındadır və onların hərəkətsizliyi gözdən qaçmır. Ölkənin dağılmasına və son dövlətçiliyin itirilməsinə mane olmağa çalışan yeganə dövlət qurumu Silahlı Qüvvələrin Baş Qərargahıdır”.
Polkovnik erməni ordusunu hakimiyyəti ələ keçirməyə çağırıb:
“Buna uyğun olaraq koordinasiyalı və sinxron mübarizə yolu ilə anti-milli hökumətin kənarlaşdırılmasına və daha sonra milli konsensus hökuməti qurulduqdan sonra erkən parlament seçkilərinin keçirilməsinə nail olmağı lazım hesab edirəm”.