4 Mart 2021 15:59
2 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti Baş qərargah rəisi Onik Qasparyanı hələ vəzifəsindən azad edə bilməyib, lakin artıq onu əvəz edəcək bir neçə hərbçinin namizədliyini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazıb.

Nəşrin iddiasına görə, ilk namizəd general-mayor və baş qərargah rəisinin müavini Andranik Makaryandır: “Amma Makaryan bunu etik hesab etmədiyi üçün Qasparyanın yerinə keçməyə razı deyil. Üstəgəl, vəziyyət qaydasına düşdükdən sonra xidmətdən ayrılacağını açıq şəkildə bildirib”.

Qəzet qeyd edib ki, ikinci namizəd Qarabağdakı separatçıların keçmiş “müdafiə naziri”, general-leytenant Cəlal Arutyunyandır: “Bununla yanaşı, hələ qərarını verməyib, üstəlik sağlamlıq vəziyyəti ordu işləri ilə tam məşğul olmağa imkan vermir. Baş qərargahın keçmiş rəisi Artak Davtyanın adı da müzakirə olunur, lakin hakimiyyətin onunla bağlı şübhələri var”.

“Past”ın iddiasına görə, Ermənistan hakimiyyəti Qarabağdakı separatçı ordunun komandiri, general-leytenant Mikael Arzumanyanın namizədliyini də fəal şəkildə müzakirə edir: “Hakimiyyət hələ tam qərar verməsə də, böyük ehtimalla onun təyinatı gerçəkləşə bilər, çünki o, Ermənistandakı son hadisələrin iştirakçısı olmayıb və bitərəfdir”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş naziri Nikol Paşinyanın ölkəni təhlükəli məcraya sürüklədiyini iddia edərək, onun istefasını tələb edib. Bundan sonra Ermənistandakı siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq baş nazir çevriliş cəhdi elan edib və Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb. Ancaq Prezident Armen Sərkisyan iki dəfə bu qərarı imzalamaqdan imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər