14 Aprel 2021 12:10
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda müharibənin qızğın vaxtında, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclasında və Rusiya Prezidenti Vladimir Putinlə sonrakı telefon danışığı zamanı müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Paşinyan parlamentdəki çıxışında Azərbaycan qarşısında təslim olmağa məcbur qaldıqlarını etiraf edib.

Onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında Qarabağdakı separatçıların başçısı və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşərək vəziyyəti təhlil edərək, “ağır güzəştlər” də daxil olmaqla anlaşmağın lazım olduğuna qərar verdiklərini bildirib:

“Bu məqsədlə parlamentdəki müxalifəti nümayəndələrinin də qatıldığı Təhlükəsizlik Şurasının iclasını çağırdım. Məsuliyyəti onlarla bölüşməyə yox, onları məlumatlandırmağa dəvət etdim”.

Baş nazir qeyd edib ki, həmin görüşdə prezident və bütün ermənilərin katolikosu da iştirak edib.

Paşinyan qeyd edib ki, görüşdən sonra Rusiya prezidentinə zəng edərək, Ermənistanın vaxtilə həmsədrlər tərəfindən dəfələrlə təklif olunan “5 + 2” formuluna əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması şərti ilə barışıq istədiyini söyləyib.

“Vəziyyəti Rusiya prezidenti ilə ətraflı müzakirə etdik və tam bir anlaşma əldə etdik. Bilirsiniz ki, azərbaycanlı qaçqınlarla bağlı suallar vardı. Dedim ki, bu məsələ hansısa bir şəkildə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu məsələyə heç bir etirazımız yoxdur”.

“Sputnik Ermənistan” qeyd edib ki, bundan sonra Rusiya prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı aparıb:

“Bundan sonra Bakının Hadrutu verməkdən qəti şəkildə imtina etdiyi aydın oldu. Eyni zamanda, bəlli oldu ki, Şuşa da daxil olmaqla Qarabağın statusu məsələsi qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməməlidir.

Bundan əlavə, Bakı “5 + 2” düsturuna görə deyil, yeddi rayonun hamısının eyni vaxtda geri qaytarılmasını tələb etdi. Baş nazir bunun yeni bir detal olduğunu, əvvəllər bu barədə danışmadığını söyləyib. Müəyyən bir nöqtədən etibarən Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini gündəliyə salmaqdan qəti şəkildə imtina etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu