“Tiqranaşen kəndi (Naxçıvanın Kərki kəndi) aparılan gizli danışıqlar nəticəsində Azərbaycana təhvil veriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan konstitusiya məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan deyib.
Kazaryan Ermənistan Baş naziri Nikol Paşinyanın bununla bağlı Bakı ilə gizli danışıqlar apardığını iddia edib. Onun iddiasına görə, Kərki təhvil veriləcəyi təqdirdə Mehri, Zəngəzur, İrəvan və Qarabağa gedən bütün yollara nəzarət Azərbaycan ordusuna keçəcək:
“800 hektar ərazini düşmənə (Azərbaycana) vermək haqda qərar qəbul edilərsə, bu yolları da itirəcəyik. Nəticədə ora Azərbaycanın İrəvandakı səfirliyindən viza alaraq gedəcəyik”.
Edqar Kazaryanın fikrincə, Kərkinin Azərbaycana qaytarılması Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq:
“Jermuka (Dərələyəz) getməli olan insanlar rusların icazəsi ilə Rusiya bayrağı altında keçməlidirlər. Aydındır ki, Azərbaycan da burada hərbi texnikanın yerləşdirilməsinə icazə verməyəcək”.