“Paşinyan itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan-Azərbaycan sərhədlərindəki gərginliyə diqqət çəkib:
“Azərbaycanla Ermənistan arasında Qarabağ üzərindən 30 il ərzində sərhəd olmayıb. Ermənistan torpaqlarımızın işğalından istifadə edərək illər boyu Azərbaycanın içərilərinə doğru irəriləyib, torpaqlarımıza yollar çəkib, mədənlər işlədib, heyvanlarını otarıb və s. Azərbaycan ordusu 44 günlük müharibədən sonra sərhədlərdə mövqelərini möhkəmləndirir. Beləcə Ermənistanın qanunsuz ələ keçirdiyi gölü, yolları, mədənləri, su və elektrik xətlərini itirir. Bu onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar.
Ermənistan Baş naziri Nikol Paşinyan müharibə dövründə olduğu kimi sərhəddə də xalqına müqavimət göstərdiyini göstərməyə çalışır, ancaq itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq. Bizim işimiz isə həmin saziş imzalanana qədər bizə aid olanları geri qaytarmaqdır. Digər tərəfdən bu işi soyuqlar düşənə qədər bitirmək məcburiyyətindəyik”.