17 Avqust 2022 15:57
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən, metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İrəvandakı son olaylardan sonra Rusiya-Ermənistan münasibətlərinin gərginləşdiyini söyləyib:

“Ermənistan mediasında İrəvandakı “Sürməli” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı. Aydındır ki, notanın hazırlanmasıyla bağlı təlimat Moskvadan gəlib. Kremldəkilərin xoşuna gəlməyib ki, İrəvandakı ticarət mərkəzindəki yanğını Rusiya ilə əlaqələndiriblər. Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən, metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb.

Rusiyanın notasında belə bir cümlə var: “Rusiya-Ermənistan müttəfiq münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən, zəruri açıqlamalar gözləyirik”.

Elxan Şahinoğlu hesab edir ki, Kremlin təlimatıyla hazırlanan bu cümlədə “siyasi qüvvələr” və “Ermənistan hökumətindən qəti addımlar gözləyirik” ifadələrinin yer alması əslində təxribatçı xəbərlərin arxasında Ermənistan hakimiyyətinə bağlı qüvvələrin dayandığına eyham var:

“Görünür, Kreml hesab edir ki, Baş nazir Nikol Paşinyan və tərəfdarları Rusiyadan narazılığını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər. Bu ittihamlar və iddialar Paşinyanın və onun nazirlərinin Kremldən “Azərbaycanı dayandırın” yalvarışlarını, çoxsaylı qarşılıqlı səfərləri və telefon zənglərini heçə endirir, bizə də imkan verir ki, Qarabağda daha sürətlə qayda-qanun yaradaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər