“Rusiya ordusu zəifdir, Ermənistan üçün döyüşə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Mqer Akopyan deyib.
Ekspert Azərbaycan və Ermənistan arasındakı son qarşıdurmanın miqyasının genişlənməyəcəyini iddia edir.
Akopyanın sözlərinə görə, indi regionda vəziyyət həssasdır, üstəgəl, Azərbaycan üstün mövqeyə malikdir, bu səbəbdən də Ermənistan vaxt udmağa çalışmalıdır:
“Vaxt udmaq lazımdır, çünki Türkiyədə seçkilərdən sonra nə baş verəcəyini, Rusiya-Ukrayna münaqişəsinin nə qədər davam edəcəyini bilmirik, bu, payızda bitə və yeni reallıq yarana bilər. Vaxt qazanmaq lazımdır”.
Ekspert Ermənistanın son təxribatından sonra Rusiya qoşunlarının Vardenisə (Basarkeçər) gətirilməsi ehtimalına diqqət çəkib. Akopyan indi Rusiyanın Ermənistanı müdafiə edəcək gücdə olmadığını, ordusunun zəif olduğunu iddia edib.
“Ümid edək, amma birincisi, rus ordusu zəifdir, ikincisi, sual olunur ki, onlara döyüş əmri veriləcək, ya yox? Necə bir zəif parad olduğunu gördünüzmü? Qırmızı Meydandan keçmək üçün avadanlıqları belə yox idi. Avadanlığın hansı vəziyyətdə olduğu aydındır”, - ekspert əlavə edib.