Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirən quru yolu məsələsinin ayrıca gündəmdə olan məsələ olmadığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Paşinyan bunu parlamentdə “hökumət saatı” zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələ regional kommunikasiyaların bərpası ilə birlikdə müzakirə olunur.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması barədə qarşılıqlı əsasda razılığa gəlib.
“Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır. Ermənistan dəhlizlə bağlı öhdəlik götürməyib. Bunu hər kəsə sübut edə bilərəm, amma qərarların məxfiliyini də qorumağa borcluyam. Müxalifətçilərin istintaq komissiyası məni məcbur etsələr, məxfiliyi pozacam”, - deyə Paşinyan vurğulayıb.
Paşinyanın sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında ayrıca kommunikasiya proqramı yoxdur: "Bu, regional kommunikasilayalar çərçivəsinə uyğun gələn məsələ olacaq. Ermənistan Respublikası bu rabitəni təmin etməyə hazırdır, bu, çox mühüm rekorddur. Biz regional kommunikasiyaların açılması barədə qarşılıqlı razılığa gəldik. Yeni infrastrukturların yaradılması ideyası da var. Ermənistanın belə infrastrukturlar qurmaq öhdəliyi yoxdur. Ermənistan da bu variantı nəzərdən keçirə bilər. Ermənistan razılaşsa, o variant tətbiq olunacaq, Ermənistan regional inteqrasiya və qarşılıqlı fayda üçün zəmin yaratdığını görsə razılaşacaq. Bu yollar suverenlik və yurisdiksiya altında işləməlidir”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın şimal və cənub hissələrini birləşdirən dəmir yolunun işə salınması problemi də var: "Yeganə dəmir yolu Naxçıvan ərazisindən keçir. Mehri və Ayrumu birləşdirən bütün mümkün dəmir yolları Azərbaycan ərazisindən keçir. Yeraşxın Mehriyə bağlanacağı prinsipi ilə Horadiz də Ordubada bağlanacaq. Biz dəmir yolunu yenidən tikməyə hazırıq, Brüsseldə razılığa gəldik, lakin hüquqi hissə gələndə Azərbaycan imzalamaqdan imtina etdi. Dedim: imzalayıram, Azərbaycan imzalamadı”, - Paşinyan bildirib.