Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə Abşeron rayonu, Məmmədli qəsəbəsində fəaliyyət göstərən “Unimetal” MMC-yə məxsus istehsalat müəssisəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Unimetal” MMC-yə məxsus istehsalat müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Binəqədi rayonu Yanğından Mühafizə Hissəsinin 3 nömrəli Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş istehsalat müəssisəsində təxliyə planına uyğun olaraq əməkdaşların, o cümlədən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın” qısa müddətdə “söndürülüb”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.