Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və İranın etirazına baxmayaraq, xarici siyasət vektorunu dəyişdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan oktyabrın birinci yarısında ekspertlərin, bəzi informasiya platformalarının və təbliğat mediasının nümayəndələrinin iştirakı ilə qapalı görüş keçirib. Məqsəd hökumətin xarici siyasi vektorunun istiqamətini açıqlamaq olub. Mənbəmiz xəbər verir ki, əvvəlcə Paşinyan hər kəsin şahidi olduğu xarici siyasətdə vektor dəyişikliyini təsdiqləsə də, dəyişikliyin xüsusi və ya rəsmi elan edilmiş dönüş olmayacağını, bəzi xarici tərəfdaşların buna qarşı olduğunu vurğulayıb, xüsusilə İrana işarə edib”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, etirazlara baxmayaraq, Paşinyan bunun baş verəcəyini, amma səssiz, “yumşaq” olacağını və dönüşün artıq başladığını açıqlayıb:
“Həmin mənbənin sözlərinə görə, bundan sonra o, KTMT və MDB-nin işlərində iştirak etməyəcəyini, həmçinin bu strukturlara əvəzedicilər axtardıqlarını bildirib, üstəlik, onların tapılacağına da inandırıb. O vurğulayıb ki, bunu tapanda dərhal ölkənin bloklara qoşulmama statusunu elan edəcək. Paşinyan qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif istiqamətlərdə çoxlu maraqlı vədlər var.
Əldə etdiyimiz məlumata görə, Paşinyan xarici siyasət məsələləri ilə məşğul olan komandasını yüksək qiymətləndirərək, onların çox böyük iş gördüyünü deyib və nəticələrin çox gözləməyəcəyinə əmin edib.
İştirakçıların bir çox suallarına cavab olaraq Paşinyan bəyan edib ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır, onlar (ruslar) artıq heç kimə kömək edə bilməzlər, müharibə və sanksiyalar onları zəiflədiblər, artıq keçmişdə olduğu kimi (Ermənistanın yerinə) qərar qəbul edən tərəf deyil.
Paşinyan Rusiyadan uzaqlaşacağı təqdirdə heç kimin Ermənistanı təhdid edə, cəzalandıra bilməyəcəyini bildirib. Onun sözlərinə görə, hökumətinə və ya şəxsən ona heç nə ola bilməz, komanda sakit ola bilər. Qeyd olunub ki, ani gərginlik, uzaqdan və informasiya hücumları mümkündür, amma bundan artıq heç nə olmayacaq”.
Qəzet yazır ki, Ermənistan baş naziri komandasına kənardan (İran və Rusiyadan) etirazlara məhəl qoymamağı tapşırıb.