Ermənistan kimi hay-küylə “silahlanan” başqa ölkə, belə bir ordu varmı?
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Past” qəzetinin yazarı Armen Akopyan deyib.
Jurnalist Ermənistanın Fransadan zirehli maşın almasına diqqət çəkir:
“Ermənistan Fransadan 20 zirehli transportyor alıb, artıq bu “yük”ü Gürcüstanın Poti limanı vasitəsilə qəbul edib, inanırıq ki, artıq bunlar Ermənistana çatdırılıb.
Məlumdur ki, istənilən düşmən kəşfiyyatı ona lazım olan informasiyanın təxminən 30-35 faizini açıq mənbələrdən alır. Amma indi belə məlumatları gizlətməyin mənası yoxdur, çünki hələ adıçəkilən zirehli transportyorlar gəlməmiş hakim və kvazi iqtidar dairələri, hakim media və təbliğatçılar həvəslə hay-küy salırlar. Bəziləri o 20 zirehli haqda elə pafosla danışır ki, adama elə gəlir, bunları özləri şəxsən uzaq Fransada düzəldib, Poti limanına kürəklərində gətiriblər. Bəli, daha hansı “hərbi sirr” məlumdur?
Məsələn, Ermənistanın Hindistandan 150 min qumbara aldığı açıqlandı. Rus qumbaralarına nə oldu ki, hind qumbaralarına keçirik? Bu, məsələnin digər tərəfidir. Qoy hindli olsun, aldıq, lap yaxşı. Bəs nə qədər aldığımız barədə niyə kiməsə məlumat veririk? Bəlkə düşmən tez bir zamanda saya bilsin deyə?”
Akopyan qeyd edir ki, Ermənistanda son 15 ildə hər il əvvəlki ilə nisbətən daha az çağırışçı olur:
“2010-cu ildə Ermənistanda 44 min çağırışçı vardı, 9 il ərzində bu rəqəm təxminən 44 faiz azalaraq, 44 mindən 24 minə düşüb. Bunu kim deyib bilirsinizmi? Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Hayk Sərkisyan. Yəni düşmən kəşfiyyatının (Azərbaycan) Ermənistan ordusunun hərbi personalını, çağırışçıların sayını hesablamaq üçün əlavə səy göstərməsinə ehtiyac yoxdur. Bunu Paşinyanın yaxın silahdaşlarından biri açıq şəkildə bəyan edir. O əmindir ki, heç bir dövlət və ya hərbi sirri açıqlamayıb.
Dünyada Ermənistan kimi hay-küylə “silahlanan” ikinci ölkə, ordu varmı?
Məsələn, kimsə hər hansı açıq mənbəyə istinad edib deyə bilərmi ki, Azərbaycan son 3 ayda neçə PUA, neçə raket, nə qədər avtomat və qumbaraatan alıb? Bəs Ermənistan niyə belə hay-küylə silahlanır? Bu, sadəcə səs-küydür. Başqa sözlə, Nikol Paşinyan üçün sırf təbliğat və siyasi baxımdan “silahlanma”, Fransanın zirehli transportyorları və ya Hindistan qumbaraatanlarının əldə edilməsi “atmosferi qızışdırmaq” üçün daha faydalıdır, nəinki ölkənin müdafiə və ya ordunun döyüş qabiliyyətinin artırılması problemlərinin həlli. Ona lazım olan tək şey səs-küydür. Çünki onun hakimiyyətinin “əsas gücü” məhz həmin hay-küy, piardır.
“Ali baş komandan”ın (Paşinyan) SU-30-un kabinəsində selfi çəkdirərək necə əyləndiyini xatırlayırsınız? Bəli, amma o hərbi təyyarədən istifadə etmək məqamı və zərurət yetişəndə dedilər ki, biz onları raketsiz almışıq.
Qulaq asın, bəlkə o hind qumbaraları partlayıcısızdır? Məsələn, fransız zirehli transportyorları (ukraynalıların istəmədiklərini, bizə verdilər) polis üçündür ki, istifadə etsinlər”.