Londonda Ermənistan və Böyük Britaniya arasında 6-cı strateji müdafiə məsləhətləşmələr keçirilib.
Teleqraf.com xəbər verir ki, erməni nümayəndə heyətinə Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Levon Ayvazyan başçılıq edib.
Regional və beynəlxalq təhlükəsizlik, müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Levon Ayvazyan britaniyalı həmkarına (Devid Morqan) Cənubi Qafqazdakı durum barədə məlumat verib, İrəvanın regional sülh və sabitlik istiqamətində atdığı addımları, o cümlədən “Sülh qovşağı” layihəsini təqdim edib. Həmçinin Ermənistan ordusunda aparılan islahatlar təqdim olunub.
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın hazırkı kursunu və inkişaf perspektivlərini hərtərəfli müzakirə ediblər.
Hər iki tərəf bir sıra yeni sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu və əldə edilmiş razılaşmaların həyata keçirilməsinə hazır olduqlarını bildirib.
Məsləhətləşmələrin nəticəsi olaraq, tərəflər arasında 2023-2024-cü illər üçün müdafiə sahəsində Ermənistan-Britaniya əməkdaşlığı proqramına dair müqavilə imzalanıb. İrəvanda 7-ci strateji müdafiə məsləhətləşmələrinin keçirilməsi barədə razılıq əldə olunub.