Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərini prezident yox, baş nazir vəzifəyə təyin və vəzifədən azad edəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı hökumətin dünənki iclasında qərar qəbul olunub.
Mövcud əsasnaməyə əsasən Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərinin vəzifələri hərbi xidmət postlarıdır. Xidmətin direktoru baş nazirin təqdimatı ilə prezident tərəfindən vəzifəyə təyin və ya buradan azad edilir. Qanuna ediləcək dəyişikliklə bu səlahiyyət baş nazirə - indiki halda Nikol Paşinyana veriləcək.
Ermənistanın “Past” qəzeti yazır ki, layihə “təcili” hesab edilir, tezliklə parlamentə göndəriləcək:
“Bu hüquqi tənzimləmə baş nazir postunu tutan şəxsə əlavə rıçaqlar verir. Paşinyanın Milli Təhlükəsizlik Xidməti ilə bağlı ciddi qorxuları var. Bu strukturu məhv etmək üçün əvvəlcə Dövlət Təhlükəsizlik Xidmətini ayırdı, sonra isə Milli Təhlükəsizlik Xidməti ilə heç bir əlaqəsi olmayan ayrıca Xarici Kəşfiyyat Xidməti yaratdı. İndi milli təhlükəsizlik sistemini tamamilə öz nəzarəti altına almaq istəyir.
Belə anlaşılır ki, Paşinyan özünün təyin etdiyi prezidentə, yəni özünün tövsiyəsi ilə təyinat alan Vaaqn Xaçaturyana da etibar etmir”.