Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu (vehapar) II Qaregini istefaya məcbur edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan hökumətinin tərəfdarları “Vardanak” adlı yeni hərəkat yaradıblar. Hərəkat vehaparın istefasını tələb edərək ona qarşı mitinq keçirməyə hazırlaşır. Fevralın 24-də Eçmiədzinin mərkəzi meydanında vehapara qarşı növbəti aksiya keçiriləcək. Mənbələrimizin məlumatına görə, bu hərəkatın təşəbbüskarı Andranik Dovlatyandır.
Dovlatyan uzun illər ABŞ-də yaşayıb, bu yaxınlarda Ermənistana köçüb. Feysbuk səhifəsinə nəzər saldıqda məlum olur ki, iqtidarın fəal tərəfdarıdır, Nikol Paşinyan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasına mədhiyyələr yazır. Həmçinin sosial şəbəkələrdə canlı yayımda vətəndaşları vehapara qarşı aksiyaya qoşulmağa çağırır”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, buna oxşar bir hərəkat Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra “Yeni Ermənistan, Yeni Patriarx” şüarı ilə yaradılmışdı:
“Bütün bunlar heç bir şübhə yaratmır ki, kilsə əleyhinə hərəkat açıq şəkildə hakimiyyətin yuxarı eşelonları tərəfindən istiqamətləndirilir. Kilsə əleyhinə dalğa Paşinyanın dövründə görünməmiş həddə çatıb. Hakimiyyət nümayəndələri hər fürsətdə parlamentin tribunasından kilsə və vehaparı hədəfə alan bəyanatlar verməkdən çəkinmirlər.
Bəlkə də anti-kilsə dalğasının zirvəsi Paşinyanın ötən il verdiyi bu bəyanat idi: “Əgər kilsənin hökumətlə münasibəti yaxşı deyilsə, deməli, Tanrı ilə də yaxşı deyil”.