Ermənistan hakimiyyətinin 2020-2021-ci illərdə baş vermiş hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamlarını qəti şəkildə qəbul etmirik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Xatırlatmaq istəyirəm ki, 2022-ci ilin sentyabrında Ermənistanın müraciəti əsasında təşkilatın katibliyi və qərargahından ibarət qiymətləndirmə missiyası operativ şəkildə formalaşdırıldı və ölkənin sərhədyanı rayonlarına göndərildi. Nəticələrə əsasən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi barədə qərar hazırladı. Respublikaya hərbi-texniki yardım və bir sıra digər tədbirləri nəzərdə tutan bu balanslaşdırılmış qərarın Ermənistan hakimiyyəti tərəfindən əsassız bəhanə ilə rədd edilməsi nə bizim, nə də KTMT-nin digər üzvlərinin günahıdır.
Üstəlik, bunun müqabilində İrəvan nümayişkaranə şəkildə Avropa Birliyindən saxta müşahidəçilər dəvət etməyi seçdi. Məlum faktlar öz sözünü deyir, həmin nümayəndələrin işinin sıfır səmərəliliyinə heç bir şübhə yeri qoymur”, - Rusiya rəsmisi bildirib.
Zaxarova əlavə edib ki, İrəvanın təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, Ermənistanın təhlükəsizlik maraqlarına uyğun gəlmir:
“İrəvan anlayacaq ki, mövcud narahatlıqları xaotik şəkildə ictimai məkana atmaqdansa, sakit, məxfi dialoq yolu ilə müzakirə və həll olunmalıdır, buna ümid edirik. Bəyanatın üslubu və konstruksiya məntiqindən danışırıqsa, düzünü desəm, başa düşə bilmirəm. Bu yaxınlarda Ermənistan nümayəndələri KTMT-nin Ermənistanı tərk etdiyini demişdilər. Əgər KTMT, rəsmi İrəvanın fikrincə, Ermənistanı tərk edibsə, Ermənistan orada iştirakını necə dondura bilər?”.
Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə KTMT-dəki fəaliyyətlərini dondurduqlarını açıqlamışdı.