Ermənistan Baş naziri Nikol Paşinyan ordudakı Rusiya şəbəkəsini zərərsizləşdirmək üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin iddiasına görə, bununla bağlı Brüsseldə onun qarşısına ABŞ və Avropa Birliyi tərəfindən şərt qoyulub:
“Nikol Paşinyan Brüssel görüşündən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları ilə görüşməyib və görüşün təfərrüatlarını onlarla bölüşməyib. Amma yəqin ki, məlumatlar nazir və müşavirlər vasitəsilə komandaya çatdırılıb. Ermənistana 4 il ərzində 330 milyonluq ümumi dəstəyin aysberqin görünən tərəfi olduğu, dərin proseslərin də getdiyi, xüsusilə müdafiə sektoruna investisiyalar və dəstək mövzusunda razılaşmalar əldə edildiyi, bunların da şərtsiz olmadığı komandaya bildirilib.
Məsələ budur ki, hakim partiyada dərin narazılıq var ki, Paşinyan aylardır Avropa səfəri ilə bağlı onların başlarını doldurur, Avropa Birliyində onları səbirsizliklə gözlədiklərini, Rusiyaya qarşı sərt siyasətinin səbəbinin də bu olduğunu söyləyir. Amma Brüsseldəki görüş başqa şeyi göstərdi.
Buna baxmayaraq, hakim partiyada danışırlar ki, Qərbdən hökumət və ilk növbədə ordunu Rusiya fiqurlarından təmizləmək şərti var, Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər.
Artıq müdafiə naziri (Suren Papikyan) qərbyönlü islahatlara başlayıb, bunlardan biri də ordunun yeni nizamnaməsində planlaşdırılan dəyişiklikdir”.