Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri revanşistlərin mümkün terror aktlarının qurbanlarına çevriləcəklərindən qorxurlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr xatırladır ki, fevral ayında partiya üzvləri Qurgen Arsenyan və Qaqik Melkonyanın ofislərinin yaxınlığında bomba aşkar edildikdən sonra onların digər həmkarları da terror aktının qurbanı ola biləcəklərindən ehtiyatlanırlar. Buna görə də İrəvan Daxili İşlər İdarəsinin qırmızı beretləri (xüsusi təyinatlılar) “Vətəndaş Müqaviləsi”nin ofislərinin önündə gücləndirilmiş xidmət göstərir və vəziyyətə daimi nəzarət edirlər.
“Daxili İşlər Nazirliyindən bizə bildirildi ki, ictimai asayişi təmin etmək məqsədilə “Vətəndaş Müqaviləsi”nin qərargahını polis mühafizə edir. Əvvəllər Daxili İşlər Nazirliyinin Baş Dövlət Mühafizə İdarəsi bəzi qurumlara pullu xidmət göstərirdisə, sonradan qanuna dəyişiklik edilib və belə xidmət özəl mühafizə təşkilatları tərəfindən həyata keçirilir”, - məlumatda deyilir.
Ermənistan hökumətinə yaxın nəşrlər revanşistlərin qisas almaq üçün terror aktlarına əl atacaqlarını istisna etmirlər.