Ermənistan müxalifətinin (revanşist “Vətən naminə Tavuş” Hərəkatı – red.) payızda keçiriləcək “kütləvi etiraz aksiyaları”ndan heç bir gözləntim yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
“Ermənistanda siyasi meydanın “isti payız”a kütləvi hazırlığına başlanılıb. Payızın əslində nə qədər “isti” olacağını indi mühakimə etmək çətindir, çünki hamımız dəfələrlə dəyişiklik ümidlərinin necə puç olduğunu görmüşük. Ona görə də hesab edirəm ki, indi bizim qarşımızda yaxın keçmişdə olduğu kimi hansısa süni qrafiklər qurmağa ehtiyac yoxdur”, - ekspert bildirib.
Abovyanın fikrincə, cəmiyyətin Ermənistan müxalifətini dəstəkləyən azsaylı hissəsi etirazların daxili və xarici siyasətin dəyişməsinə gətirib çıxarmasını istəyir, amma indiki durumda bu, mümkün deyil: “İnsanlar andlar və pafoslu çıxışlar yox, dəyişikliklər istəyir. Amma Ermənistan hakimiyyəti mövcud vektorunu dəyişmək istəmir, bunu edə də bilməz”.
Politoloq Paşinyan hökumətinin Qərbin qarşısında öhdəlik götürdüyünü və geri çəkilə bilməyəcəyini söyləyib. Abovyan Ermənistan müxalifətinin də payızda mümkün dəyişiklikləri tətikləyəcəyi və ya Baş nazir Nikol Paşinyanı devirəcəyinə inanmır.
Müxalifətin "kütləvi nümayişlər"ə hazırlığına revanşist hərəkatın lideri Baqrat Qalstanyan rəhbərlik edir. Daha doğrusu, ayrı-ayrı siyasi qüvvələri o, bir araya gətirməyə çalışır. Hələlik müxalifət cəbhəsində bununla bağlı yekdil fikir yoxdur.