Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı parlament seçkilərindən əvvəl revanşistləri zərərsizləşdirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində deyilir.
Nəşr yazır ki, baş nazirin əsas hədəflərindən biri sabiq prezident, hərbi cinayətkar Robert Köçəryandır:
“Kassasiya Məhkəməsi ikinci prezident Robert Köçəryan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və baş nazirin sabiq müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə 2021-ci il qərarını ləğv edib. İş yeni istintaqın aparılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.
Bundan əvvəl Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin 3-cü bəndini (maddə ittihamın dəyişdirilməsi və əlavələrin edilməsinin sərhədlərini müəyyən edir) Konstitusiyaya uyğun hesab edib. Bu qərar prokurorluğa Köçəryan və digərlərinə qarşı ittihamları yenidən dəqiqləşdirməyə və yeni istintaqa başlamağa imkan verir.
İkinci prezidentə 3 il əvvəl birinci instansiya məhkəməsi tərəfindən bəraət verilib, amma apellyasiya şikayətlərinə görə hökm hələ də qüvvəyə minməyib.
2018-ci ildə həbs edilən Köçəryana 2021-ci il parlament seçkiləri öncəsi bəraət verilmişdi. İndi Nikol Paşinyan yeni bir oyun hazırlayır. Mümkündür ki, Robert Köçəryan üzərindən (radikal) müxalif cameəni qorxuya salmağa çalışır. Ola bilsin, Paşinyan yeni parlament seçkilərinə hazırlaşır”.
Ermənistanın keçmiş prezidenti 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyanın iştirakçılarına odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur. Hadisə zamanı 10 nəfər olub. Xaçaturov və Ohanyan da bu cinayətdə Köçəryanın ortaqlarıdır. Hər üçün həm də Xocalı soyqırımının təşkilatçısı və icraçılarıdır. Onların qanlı dosyelərində Azərbaycana qarşı digər hərbi cinayətlər də var.