Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur, Rusiya da öz növbəsində Ermənistanla əlaqələr qurmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən deyib.
“Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək Ermənistanın suveren hüququdur. Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, bu əlaqələri yüksək qiymətləndiririk və bundan sonra da inkişaf etdirmək niyyətindəyik”, - Rusiya rəsmisi bildirib.
Peskov qeyd edib ki, ikitərəfli aspektlərlə yanaşı, inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində qarşılıqlı fəaliyyət Moskva üçün çox vacibdir:
“Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır. Biz bundan çıxış edirik”.
Xatırladaq ki, bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq.