ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında saziş bu iki ölkənin strateji müttəfiq olacağı anlamına gəlmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası ilə imzalanacaq bu sazişi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla reallaşdırmaq çətin olacaq:
“Bu gün Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının başlanması elan ediləcək. Bu sənəd bir sıra sahələrdə münasibətlərin dərinləşdirilməsini nəzərdə tutur. Bu, strateji dialoq statusunun məntiqi davamıdır, xatırladım ki, hələ 2009-cu ildə bu çərçivədə ABŞ ilə strateji tərəfdaş statusu vardı, o statusun da nə olduğunu hamımız bilirik.
Birincisi, anlamaq lazımdır ki, strateji tərəfdaşlıq ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik demək deyil. ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək, hərbi yardım göstərməyəcək, yardım kimi silah-sursat satmayacaq və ya təmin etməyəcək.
Təhlükəsizlik sektorunda bura məsləhət proqramları, hərbi təmaslar, “Hərbi Təhsil və Təlim” Proqramı vasitəsilə peşəkar hərbi təhsil imkanları, həmçinin Kanzas Milli Qvardiyası ilə uzunmüddətli dövlət tərəfdaşlığının davam etdirilməsi daxildir. İqtisadiyyat, islahatlar, insan hüquqları və sosial proqramlar üçün əlavə maliyyə və texniki dəstək də olacaq.
Nüvə enerjisi sahəsinə gəlincə, hesab edirəm ki, Ermənistanda Amerikanın kiçik nüvə stansiyalarını yerləşdirmək istəyi var.
İndi sual olunur: Bayden administrasiyası ilə imzalanan bu sənədi gələn Tramp administrasiyası ilə həyata keçirmək mümkün olacaqmı? Bu, daha mürəkkəb olacaq və yalnız bizim fəaliyyətimizdən asılıdır".
Xatırladaq ki, sözügedən sənədi bu gün Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq. Sazişin İrəvan vaxtilə saat 22:00-da imzalanacağı açıqlanıb.