16:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın neft nəhəngi BP böyük xərc azaldılması tədbirinin bir hissəsi olaraq minlərlə iş yeri ixtisar etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Bu gün biz BP üzrə işçilərə bildirdik ki, indiyədək elan olunan dəyişikliklər BP-də təxminən 4700 iş yerinə təsir edəcək – bunlar bu il gözlənilən ixtisarların böyük hissəsini təşkil edir,” BP məlumatında bildirib.

“Biz həmçinin podratçılarımızın sayını 3000-ə qədər azaldırıq,” - deyə şirkətin açıqlamasında bildirilir.

Bu tədbirlər xərcləri azaltmaq məqsədilə nəzərdə tutulub və BP-nin baş icraçı direktoru Mürrey Aukinklos ötən il bildirib ki, şirkət 2026-cı ilin sonuna qədər ən azı 2 milyard dollar nağd qənaət əldə etməyi planlaşdırır.

BP-nin işçi qüvvəsi hazırda təxminən 87,800 nəfərdir. Şirkətin səhmləri bu gün səhər saatlarında 1.4% artıb. Son zamanlar BP Avropa rəqiblərinə nisbətən zəif nəticə göstərib.

Enerji şirkəti 11 fevralda rüblük və illik maliyyə hesabatını açıqlamağı planlaşdırır.

Qeyd edək ki, BP 1992-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. 2024-cü ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2401 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Şirkət 2024-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə 698 milyon dollardan artıq, BTC üzrə 17,7 milyon dollar, Şahdəniz üzrə təxminən 407 milyon dollar (bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub) əsaslı xərclər çəkib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər