26 Oktyabr 2016 13:38
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir.

Eyni zamanda Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin maliyyələşmə mexanizmləri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə bu müəssisələrin nizamnamə fondu və əmlakı barədə müvafiq bölmə əlavə edilib. Beləliklə, bu müəssisələrin nizamnamə fondu tabe olduğu orqan tərəfindən verilmiş əmlak hesabına formalaşacaq.

Müəssisələrin əmlakı nizamnamə fondundan, ona tabe olduğu orqan tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşacaq. Bu müəssisələr əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirəcək. Müəssisələrin tabe olduğu orqan müəssisənin öhdəlikləri üçün cavabdeh deyil və onun fəaliyyəti ilə bağlı zərər üçün müəssisəyə verdiyi əmlakın dəyəri həddində risk daşıyacaq.

Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq.

Səhiyyə Nazirliyindən bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.

Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.

Bu müəssisələrin yenidən təşkili və ləğvi müəssisənin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” qanununa uyğun olaraq həyata keçiriləcək (APA).


Müəllif:

Oxşar xəbərlər