Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır.
Teleqraf.com-un məlumatına görə, noyabrın 11-də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Dünya Diabet Gününə həsr olunmuş konfransda bu barədə məlumat verilib.
Konfransda bilditrilib ki, xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir.
Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər.
1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib.
İlhamə ƏBÜLFƏT