Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahov 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.
Füzuli Pənahov deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.
"Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim söyləyib.
Quba rayon İcra Hakimiyyəti də 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyev bildirib ki, 2010-cu ildən uşağın mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə onun xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib: “Daha sonra bioloji atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub. Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağın yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın özünün mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.
“Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq”.
Bunu isə 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova deyib. O bildirib ki, 2010-cu ildə bacısı uzun sürən xəstəlikdən sonra vəfat edib: “2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.
Mehriban Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də Mehriban və onun həyat yoldaşı Eldar Eldarov Quba Rayon Məhkəməsinə çağırılıb.
Qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.
2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. O deyib ki, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.
Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.
Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğöu video yayılıb (APA).