Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən həmin şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə bu il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən həmin şəxslərin aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq: “Fərmana görə, bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir. Yəni burada heç bir şey ləğv edilmir. Orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb.
Qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər. Fərman həmin şəxslərin sosial müdafiəsini daha da gücləndirəcək”.
Əli Həsənov qeyd edib ki, artıq məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə və arayışlar toplamağa ehtiyac olmayacaq: “Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, fərmanda kommunal xidmətlər üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan limitlərin ləğvi də yer alıb: “Araşdırmalar zamanı məlum olub ki, ödəniş vaxtı elektrik enerjisi üzrə qalıqlar qalırdı. Həmin şəxslərə kommunal xidmətlər üzrə müəyyən limitlər daxilində güzəştlər edilirdi. Onlara adambaşına ayda elektrik enerjisindən 150 kilovat, qış aylarında təbii qazdan istifadəyə 45 kub, mart, aprel, may və oktyabr üçün 35 kub, digər aylarda 25 kub limit var idi.
Yeni qaydaya əsasən limitlər mövcud qiymətlərə uyğun olaraq, yemək xərci ilə birlikdə nağd şəkildə məcburi köçkünlərin hesabına köçürüləcək. Əgər limitlərdə qalan qalıq olarsa, onu nağd şəkildə istifadə edəcəklər”.
Vüqar Bayramov qeyd edib ki, nağd şəkildə ödəmə müvafiq qurumların da fəaliyyətini yaxşılaşdıracaq: “Düşünürəm ki, yeni qaydalar müsbətdir. Aparılan araşdırmalar zamanı məlum olurdu ki, dövlət qurumlarında itkilər çox olur. Kommunal xidmətlər qeyri-qanuni xətlərlə satılırdı. Buna görə, yeni qaydalar kommunal xidmətlər üzrə dövlət qurumlarında səmərəliliyinə müsbət təsir edəcək”.
İlhamə ƏBÜLFƏT