“Təəssüflər olsun ki, 9 yaşında uşaqlar da intihara əl atırlar”.
Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, intihar edənlər arasında yaş kateqoriyası müxtəlifdir: “Dünyada da intihar yaşı cavanlaşıb. Əvvəllər intiharlar üçün ən aşağı yaş həddi 16 idisə, indi 9 yaşlı uşaqlar arasında da özünəqəsd hadisəsinə rast gəlinir.
İntihar edənlərin yaş dövründən əlavə, onların sosial mənsubiyyəti də də müxtəlifdir.
Hər il dünyada 1 milyondan çox insan özünə qəsd edir. 19 milyon insanın isə intiharı uğursuz alınır. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasından məlum olub ki, insan 800-ə qədər səbəblə intihar edə bilər. Qarşılıqsız sevgi, qorxu riski, ailədaxili münasibətlər, xəstəliklər və digər müxtəlif səbəblər intihara gətirib çıxara bilər”.
Aynur Veysəlova bildirib ki, Azərbaycanda intihar hallarının səbəbləri arasında insanın özünü ailədə tənha hiss etməsi, ailədaxili aqressivlik və sosial vəziyyətin pisləşməsi ön sırada dayanır.
Komitə rəsmisi deyir ki, intihar statistikasına görə dünya ölkələri üç səviyyə üzrə qruplaşır: yüksək, orta və aşağı səviyyə. Azərbaycan ən aşağı səviyyə yer alır: “Çalışmalıyıq ki, bu səviyyə yuxarı qalxmasın. Bu problem tək Azərbaycanda deyil, dünyada aktualdır.
Bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ciddi addımlar atır. Hər il sentyabrın 10-u bir qayda olaraq intiharlara mübarizə günü kimi qeyd olunur.
Təşkilatın araşdırmasından məlum olur ki, kişilər daha çox intihar edirlər. Qadınlar öz emosional hisslərini ağlamaqla, qışqırmaqla çıxarılar. Kişilərsə bunu edə bilmirlər. Dünyada olduğu kimi Azərbaycanda da intihara ən çox kişilər əl atır”.
Aynur Veysəlovanın sözlərinə görə, intiharla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirilmə işləri aparır: “Neçə illərdir ki, “Azərbaycan ailəsi” adlı film festivalı keçirilir. Festivalın mövzuları içərisində ailədaxili münasibətlərin düzgün tənzimlənməsi, məişət zorakılığının qarşısının alınması mövzularında qısametrajlı filmləri məktəblərdə, tədbirlərimizdə nümayiş etdiririk, müzakirələr keçiririk.
Bundan başqa buroşurlar hazırlayırıq. Bu hadisələrlə bağlı işlər daha da gücləndirilməlidir. Digər bir məqam, orta məktəblərdə psixoloqların səviyyəsi gücləndirilməli, valideynlər və uşaqlarla mütəmadi görüşlər keçirilməli və maarifləndirici işlər intensivləşdirilməlidir”.
Baş məsləhətçi qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrində bəzi görüntülərə senzura qoyulmalıdır: “Zorakılıq, ölüm səhnələri göstərilməməli, efirə gedən xəbərlər diqqətdən keçirilməlidir. Yer üzündə nə qədər insan yaşayırsa, o qədər insan psixologiyası mövcuddur. İnsan bir musiqi dinləyib, kitab oxuyub özünə qəsd edə bilər”.
İlhamə ƏBÜLFƏT