Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin qurulmasının 25 ili tamam olur. Teleqraf.com Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin bu əlamətdar hadisəylə bağlı məqaləsini təqdim edir:
Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin qarantı olan gömrük xidməti müasir dünyanın ildən-ilə qloballaşan və şaxələnən çağırışlarına cavab verən ən etibarlı keşikçidir. Təsadüfi deyildir ki, respublikamızda həyata keçirlən uğurlu iqtisadi strategiyanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrüyü dövlətçilik təməlinin möhkəmləndirilməsində önəmli mövqeyə malikdir. Məhz sərhəddən başlayaraq gömrük xidməti Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyaraq qaçaqmalıçılıq və digər iqtisadi cinayətkarlıqla barışmaz mübarizə aparır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
Bu bir danılmaz faktdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter alıb. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı.
Azərbaycan gömrüyünün qədim və zəngin tarixi
30 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi tamam olur. Ötən müddətdə Azərbaycan gömrüyü uğurlu və sürətli inkişaf yolu keçib. Dövlət Gömrük Komitəsi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilib.
Lakin burada bir haşiyə çıxıb onu da diqqətə çatdırım ki, Azərbaycan gömrüyünün tarixi qədimdir və tarixən zəngin inkişaf yolu keçib. Orta əsrlərə aid sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Hələ IX əsrdə Azərbaycan ərazisində gömrük vergiləri tətbiq olunurdu. XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə kimi, yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi.
Azərbaycanda ilk gömrük idarəsi isə Çar Rusiyasının Bakı xanlığını işğal etməsindən sonra yaradılıb. Bakı şəhərində gömrükxana Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunan "Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə" fərmanla yaradılıb və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilib. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də açılıb. Deməli, bu gün, eyni zamanda Azərbaycanda ilk gömrük idarəsinin yaradılmasından 210 il ötür.
1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra Xalq Cümhuriyyəti gömruklə bağlı görüləcək işlərə də xüsusi diqqət verib. Həmin il dekabrın 17-də parlamentdə gömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalar aparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunub. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə buradakı sərhəd məntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyət göstərib. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı olmayıb. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlif iqtisadi orqanlara tabe etdirilib.
Heydər Əliyev və müstəqil Azərbaycan gömrüyünün inkişafı
1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün də əlverişli tarixi şərait yarandı. Dövlət Gömrük Komitəsi müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradıldı.
O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi.
1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hökm sürmüş mürəkkəb şəraitdə zəruri hüquqi-normativ bazaya malik və normal gömrük sisteminin formalaşdırılması mümkün ola bilməzdi. Gömrük orqanları qarşısında duran vəzifələr, demək olar, icra edilmir, neqativ hallar baş alıb gedirdi.
Həmin şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək üçün imkan yaratdı, eləcə də bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.
1991-1993-cü illərdə ölkənin ictimai-siyasi həyatındakı qeyri-sabit vəziyyətə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi.
1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi.
Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi.
Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-nun gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsi idi.
Azərbaycan Gömrük Xidməti: çeviklik, peşəkarlıq və müasirlik
Ötən müddət ərzində Azərbaycan Gömrük Xidməti məhz dahi rəhbər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında yenidən qurularaq çevik, peşəkar və modern təşkilata çevrilib. Öz növbəsində, Prezident İlham Əliyev gömrük xidmətini daim diqqətdə saxlayır və hər bir gömrükçü dövlətin qayğısını hiss edir.
Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib.
Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.
Dövlət Gömrük Komitəsi hər il olduğu kimi 2016-cı ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.
Əgər, 2015-ci ildə Dövlət Gömrük Komitəsi üçün illik büdcə proqnozu 1 milyard 590 milyon manat müəyyən edilibsə, 2016-cı ildə isə bu öhdəlik 1 milyard 810 milyon manat həcmində müəyyənləşdirilib. Onu da diqqətə çatdırım ki, 1 milyard 810 milyon manat illik büdcə proqnozu hələ 2016-cı ilin oktyabr ayının sonunda artıqlaması ilə təmin edilmişdi.
Ümumilikdə isə Dövlət Gömrük Komitəsi 2016-cı ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,61 % əməl edib. Bu isə 2015-ci illə müqayisədə 699,69 milyon manat və ya 43,95 % artıq deməkdir.
Ümumiyyətlə, ötən dövrdə Azərbaycan gömrüyü təkçə fiskal siyasətin həyata keçirilməsində uğur qazanmayıb. Dövlət Gömrük Komitəsi gömrük nəzarətinin daha səmərəli təşkili, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, eyni zamanda, yerlərdə bilikli və bacarıqlı kadrların işə qəbul olunması sahəsində də nailiyyətlər əldə edib.
O cümlədən, 2016-cı ilin mayında istifadəyə verilən Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasında idarənin fəaliyyətinin daha səmərəli və günün tələbləri səviyyəsində qurulmasına münbit şərait yaradılıb. Yeni inşa olunan binada gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi təmin edilib. Nəticədə, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.
Gömrük nəzarətinin təkmilləşdirilməsi prosesinə davamlı töhfələr
Azərbaycan Gömrük Xidməti fəaliyyətinin ilk illərində keçmiş SSRİ-nin xarici ticarətin dövlət tənzimlənməsini və gömrük məsələlərini özündə birləşdirən qanunvericilik bazasından istifadə etməklə öz işini davam etdirirdi. Lakin SSRİ-dən miras qalmış bu və ya digər normaların qeyri-sabitliyi və qənaətbəxş olmaması gömrük nəzarətinin səmərəsiz aparılmasına gətirib çıxarırdı.
Həmin tarixi dönəmdə yeni iqtisadi sistemə keçidin təmin edilməsi üçün iqtisadi inkişaf strategiyasının hazırlanması, ölkənin iqtisadi maraqları və mənafelərini qorumağa qadir olan milli gömrük nəzarəti sisteminin formalaşdırılması, sərhədlərimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və s. vəzifələr xarici ticarət əməliyyatlarının kompleks şəkildə araşdırılmasını zəruri edirdi.
Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması, gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparılması, iqtisadi təhlükəsizliyin qorunması istiqamətində əməli fəaliyyətin təmin olunması, beynəlxalq ticarətin təhlükəsiz qaydada həyata keçirilməsi və s. sahələrdə konkret fəaliyyətə başlanılmalı idi.
1995-ci ildən başlayaraq gömrük işinin beynəlxalq normalara uyğunlaşdırılması, xarici ticarətin liberallaşdırılması, əmtəə və kapitalın hərəkətində sərbəstliyin yaradılması və müasir mexanizmlərin tətbiqi istiqamətində ölkədə ardıcıl olaraq həyata keçirilən iqtisadi siyasət tədbirləri xüsusi əhəmiyyətə malikdir.
Qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ilk olaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin hazırlanmasına başlanıldı. Komitənin mütəxəssisləri və beynəlxalq eksperetlərin iştirakı ilə hazırlanan Gömrük Məcəlləsi 10 iyun 1997-ci il tarixində qəbul edildi. Bu Məcəllədə o dövr üçün Azərbaycan Respublikasının çağırışlarına cavab verən müddəalar öz əksini tapdı. Eyni zamanda, Məcəllənin tətbiqi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarətinin təşkilində xüsusi əhəmiyyətə malik bir sıra qaydalar hazırlandı və onların icrası reallaşdırıldı.
Lakin ölkənin iqtisadi potensialı gücləndikcə və xarici ticarət əlaqələri genişləndikcə gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac yarandı. Milli iqtisadiyyatın inkişafı zəminində yaranan yeni tələblər, beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma proseslərinin gücləndiyi dövrdə gündəmə gələn beynəlxalq normaların tətbiqi zərurəti ilə 2008-ci ildə yeni Gömrük Məcəlləsi layihəsinin hazırlanması işinə başlanıldı.
Yeni Gömrük Məcəlləsinin layihəsi Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandı və 24 iyun 2011-ci ildə qəbul edildi.
Yeni Gömrük Məcəlləsi daha təkmil formaya malik olmaqla, yeni normalarla zənginləşdirildi və onun əsas fəlsəfəsi ticarətin sadələşdirilməsi və ona dəstək, elektron gömrük bəyannamələrinin verilməsi və s. istiqamətdə quruldu. Beynəlxalq standartlara cavab verən yeni Gömrük Məcəlləsi 1 yanvar 2012-ci ildə qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi tərəfindən yeni normativ-hüquqi sənədlər hazırlandı və müvafiq qərarlarla təsdiq edildi.
Gömrük hüquqpozmalarına qarşı mübarizə
Ötən 25 ilin son 20 ili ərzində qaçaqmalçılığa qarşı mübarizə sahəsində də köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, onlar müasir texnika və avadanlıqlarla təchiz ediliblər. Görülən tədbirlərin nəticəsi olaraq aşkar olunan hüquqpozma faktları barədə göstəricilər artan dinamika ilə müşahidə edilib.
Elə ötən ilə nəzər salsaq görərik ki, 2016-cı il ərzində 9016 hüquqpozma faktı aşkar edilib. Bu faktların 513-ü cinayət xarakterlidir. Və əlbəttə ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yerdədir. Belə ki, gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 130 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kq 153 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 113 kq 998 qram heroin, 6 kq 789 qram tiryək, 3 kq 881 qram marixuana, 11 kq 324 qram həşiş, 30,697 qram metadon və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi və narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınması məqsədilə bu gün sərhəd-keçid məntəqələri müasir tipli zəruri rentgen aparatları və digər aidiyyəti üzrə cihaz və avadanlıqlarla təchiz olunub. Bu isə gömrük hüquqpozmalarına qarşı mübarizə işinə öz töhfəsini verir.
Xüsusilə qeyd edim ki, 2016-cı ildə Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində bir neçə uğurlu əməliyyat həyata keçiriblər. Ötən il martın 17-də Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aparılan yoxlama zamanı Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına daşınan kişmiş yükünün içindən 468 kq-dan artıq heroin aşkar olunub. Bunun ardınca, aprelin 16-də Astara Gömrük İdarəsində aparılan yoxlama nəticəsində də Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Belçikaya daşınan kişmiş yükünün içindən 506 kq 095 qram heroin aşkar edilib. Avqustun 14-də isə Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Gürcüstana, oradan isə Ukraynaya getməli olan yük maşınından 137 kq-dan artıq heroin aşkar olunaraq götürülüb.
Əlverişli biznes mühitinin formalaşdırılması
Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir, təklifləri dəyərləndirilir.
Bu baxımdan, ötən il Azərbaycanda Amerika Ticarət Palatası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda konfrans, eləcə də Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi rəhbərliyi və Klubun üzvü olan şirkətlərin nümayəndələri arasında görüşlər də faydalı olub.
Bu tədbirlərdə sahibkarliğin inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verilib, gömrük prosedurlarına dair iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycanda Amerika Ticarət Palatasının növbəti aylıq toplantısında iştirak edərək Palata üzvlərini gömrük işinin təşkili sahəsində görülən işlər, gömrük sistemində həyata keçirilən islahatlar və onların ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına göstərəcəyi təsir haqda məlumatlandırıb.
Dövlət Gömrük Komitəsinin fəaliyyətində - biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.
Gömrük sistemində son islahatlar
2016-cı ildə ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi daha da təkmilləşdirilib.
Həmçinin, ticari-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.
"Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamına əsasən, idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunması, idxal olunan malların gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə gömrük sistemində müasir texnologiya və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə əlaqədar tapşırıqlar icra edilib.
Belə ki, aprelin 4-dən etibarən malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsi həyata keçirilib. May ayının 4-dən isə bütün gömrük orqanlarında malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə icra edilməyə başlanıb.
Elektron bəyanetmə sisteminin tətbiqində məqsəd gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurları sadələşdirmək, gömrük xidmətlərinin göstərilməsində şəffaflığı təmin etmək, sahibkarlar üçün əlverişli biznes mühitini yaratmaq və xarici ticarət əməliyyatlarını daha da stimullaşdırmaqdır.
2016-cı ilin dekabrından isə Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"na əsasən, xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası, müddəti, əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri, qaydalarla müəyyən edilmiş digər göstəricilər və həmçinin risk qrupları əsasında bir sıra xarici iqtisadi fəaliyyət iştirakçısının "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəsi təmin edilib. Belə ki, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi nəticəsində gömrük nəzarəti sürətli qaydada həyata keçirilir və gömrük bəyannamələrinin verilməsi ilə bağlı vaxt və məsrəflər azaldılır.
Eyni zamanda, ötən il fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib. Dövlət Gömrük Komitəsi fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni - "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə" elektron xidmətini Elektron Hökumət Portalına inteqrasiya edib.
Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən "on-layn" qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə bilirlər.
Vətəndaşların sərhəddən keçidini daha asan etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində "Gömrük" köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.
Tətbiq olunan yeni xidmət "vətəndaş-məmur" təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsini, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edir.
Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd-gömrük keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib.
Bundan başqa, ötən il Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsilə bağlı daha bir yeniliyə imza atıb. Gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə ilkin bəyanetmə elektron xidmətindən yararlana bilirlər.
Gömrük rəsmiləşdirilməsilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan, müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar.
Bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edir və bununla da sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha sürətli keçidi təmin olunmaqla yanaşı, gömrük rəsmiləşdirilməsi də daha çevik və vaxt itkisi olmadan həyata keçirilir.
Ən müasir informasiya texnologiyalarının tətbiqi
Bu gün Dövlət Gömrük Komitəsinin fəaliyyətində ən müasir informasiya texnologiyaları tətbiq edilir. Komitənin Aparatını, strukturuna daxil olan bütün gömrük orqanlarını və tabeliyində olan digər qurumları birləşdirən gömrük xidmətinin vahid korporativ şəbəkəsi hələ 2006-cı ildən istismara verilib. Hazırda bu şəbəkə optik lifli rabitə kanalları üzərindən fəaliyyət göstərir. Əlaqənin fasiləsizliyinin təmin edilməsi məqsədilə korporativ şəbəkənin alternativ rabitə kanalları ilə təmin edilməsi sahəsində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 11 noyabr 2008-ci il tarixli, 12 saylı fərmanının tələblərinə uyğun olaraq 2009-cu ildə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və təyinat gömrük orqanlarına çatdırılmasına elektron nəzarət sistemi işlənilib və sistemin bütün gömrük orqanlarında sənaye istismarı təmin edilib.
2008-ci ildə "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılması sistemi"nin (GRNAS) ilk versiyası, 2010-cu ildə isə GRNAS və GMO (Gömrük Mədaxil Orderi) proqram təminatlarının mərkəzləşdirilmiş yeni versiyası istifadəyə verilib. 2011-ci ildə GRNAS və GMO sistemləri təkmilləşdirilib və onların VAİS-ə inteqrasiyası təmin edilib. Bunun nəticəsində sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin vahid sistem şəklində həyata keçirilməsi mümkün olub. Gömrük orqanlarında 2011-ci ildə tətbiq edilən gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin Web-texnologiyalara əsaslanan yeni variantı mal və nəqliyyat vasitələrini məsafədən (o cümlədən internet vasitəsilə) bəyan etməyə imkan verir. 2016-cı ildə VAİS-in gömrük rəsmiləşdirilməsi və nəzarəti altsistemi (VAİS-GB) kağızsız texnologiya əsasında yenidən işlənilib, məlumat mübadiləsinin, texnoloji proseslərin və ödənişlərin kağızsız texnologiya əsasında həyata keçirilməsi təmin edilib.
2011-ci ildə sərhəddə və ölkə daxilində mal və nəqliyyat vasitələrinin hərəkətinin GPS vasitəsilə elektron izlənilməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hədəf Mərkəzi yaradılıb. Mərkəzə birləşdirilən kameralarla bütün sərhəd-keçid məntəqələrinin videomüşahidəsi aparılır.
2016-cı ildə sərhəddən daha rahat keçidin təmin edilməsi məqsədilə şəxslər tərəfindən gömrük sərhədindən keçirəcəkləri nəqliyyat vasitələri haqqında ilkin məlumatların mobil telefon vasitəsilə VAİS-ə ötürülməsi altsistemi hazırlanaraq istifadəyə verilib. Şəffaflığın təmin edilməsi və korrupsiya hallarına yol verilməməsi məqsədilə sərhəd-gömrük orqanlarında gömrük ödənişlərinin poçt vasitəsilə həyata keçirilməsini təmin edən altsistem hazırlanaraq istismara verilib, aidiyyəti poçt şöbələrilə informasiya mübadiləsi təmin edilib. Korporativ şəbəkədə baş verə biləcək xətalar səbəbindən boş dayanma hallarının və məlumat itkisinin qarşısının alınması məqsədilə "VAİS-oflayn" altsistemi işlənilib və bütün sərhəd-buraxılış məntəqələrində tətbiq edilib.
Eyni zamanda, avtomobil yolları ilə daşınan mallara nəzarət etmək üçün Azərbaycan Respublikasının bütün gömrük-sərhəd buraxılış məntəqələrində "Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)" layihəsi tətbiq edilib, eləcə də VAİS bu sistemə uyğunlaşdırılıb. Ümumdünya Gömrük Təşkilatının "Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat"ında təsbit olunmuş metodologiya əsasında hazırlanan layihənin tətbiqi mal və nəqliyyat vastələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir və toplanan statistik məlumatların təhlili əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunması təmin edilir.
Artıq Azərbaycan Gömrük Xidmətinin bu sahədəki uğurları müxtəlif beynəlxalq tədbirlərin müzakirə mövzusuna çevrilib, bir çox ölkələrin ciddi marağına səbəb olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələrlə və Komitənin İKT strategiyası ilə tanış olmaq məqsədilə Özbəkistan, Rusiya, Makedoniya və Argentina gömrük xidmətlərinin nümayəndələri Azərbaycana səfər ediblər.
2010-cu ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya resurslarının yaradılması Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla DGK-nın yeni internet saytı yaradılıb və istismara verilib. DGK-nın internet saytında rəsmiləşdirmə qaydaları, rəsmiləşdirmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri yerləşdirilib və bu məlumatlar Azərbaycan Respublikası qanunvericiliyində edilən dəyişikliklərə uyğun olaraq daim yenilənir. Xarici iqtisadi fəaliyyət iştirakçılarının malların nomenklaturası və tarif dərəcələri barədə çevik məlumat əldə edə bilməsi üçün müvafiq axtarış sistemi tətbiq edilib.
Azərbaycan Gömrük Xidməti gömrük işinin bütün sahələrində olduğu kimi, informasiya texnologiyalarının tətbiqində də beynəlxalq əməkdaşlığa önəm verir. Bu məqsədlə digər ölkələrin gömrük orqanları ilə beynəlxalq normalara uyğun sənədlər hazırlanıb, tədbirlər görülüb.
Qürurverici haldır ki, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya respublikamızın gömrük xidmətində İKT-nin tətbiqi və elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri yüksək dəyərləndirib və onun təklifi ilə Dövlət Gömrük Komitəsinin informasiya texnologiyaları üzrə mütəxəssisləri 2010-cu ildə Tacikistan və Özbəkistan gömrük orqanlarında tətbiq edilən İKT layihələrinin ekspertizasını keçiriblər.
Ümumiyyətlə, Dövlət Gömrük Komitəsində elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələr ÜGT, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsi olaraq Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdrəsinin nümayəndəsi 2010-cu ildən BMT-nin Asiya və Sakit Okean regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin və Ticarətin Sadələşdirilməsi üzrə Forumunun işçi qrupunun üzvü seçilib.
Azərbaycan Gömrük Xidmətinin artan nüfuzu
Azərbaycan Gömrük Xidməti məqsədyönlü fəaliyyəti ilə dünya gömrük ailəsinə inteqrasiya olunub və Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edə bilib.
Xatırladım ki, Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayında üzv qəbul edilib. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildə ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildə ÜGT-nin Siyasi Komissiyasında təmsil olunub. Sevindirici haldır ki, Dövlət Gömrük Komitəsi 2016-cı ildə də ÜGT-nin Siyasi Komissiyasına üzv seçilib.
Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin keçirildiyi ilk ölkədir) Azərbaycan Gömrük Xidmətinin qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası, İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bu kimi bir sıra beynəlxalq və regional təşkilatlarla qarşılıqlı əməkdaşlıq da Azərbaycan Gömrük Xidmətinin fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.
Onu da xatırladım ki, 2013-cü ilin iyununda Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyasında keçirilən seçkilər nəticəsində Azərbaycan Gömrük Xidməti 2013-2014-cü illər üçün ÜGT sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilmişdir.
Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi bir sıra beynəlxalq təşkilatların üzvü kimi onların fəaliyyətində yaxından iştirak edir və milli təəssübkeşliklə ölkəmizin üzləşdiyi problemləri yüksək kürsülərdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Dağlıq Qarabağ problemi Komitə rəhbərliyinin iştirak etdiyi bütün beynəlxalq konfrans, forum və seminarlarda, təşkil etdiyi sərgilərdə gündəmə gətirilir və erməni separatçıları tərəfindən işğal olunmuş və nəzarətsiz qalmış Azərbaycan ərazilərindəki digər problemlər - maddi-mədəni sərvətlərin daşınaraq mənimsənilməsi, narkotik vasitələrin istehsalı və dövriyyəsi, hətta Avropaya göndərilən narkotiklərin emalı üçün fəaliyyət göstərən xüsusi laboratoriyaların mövcudluğu da faktlarla açıqlanır.
Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işi intensiv xarakter daşıyır. 25 illik fəaliyyəti dövründə Dövlət Gömrük Komitəsi ilə 77 ölkə və 24 beynəlxalq təşkilat arasında qarşılıqlı inzibati yardım və əməkdaşlıq, kadrların ixtisasının artırılması və gömrük sahəsində hüquqpozmalara qarşı mübarizəyə dair saziş, protokol və anlaşma memorandumu imzalanıb.
Onu da diqqətə çatdırım ki, Azərbaycan Respublikası Ümumdünya Gömrük Təşkilatının həm Regional Tədris Mərkəzi, həm Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, həm də Regional Kinoloji Mərkəzinin mövcud olduğu yeganə dövlətdir. Bundan başqa, Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin dünyada yeganə regional ofisi də Azərbaycanda yerləşir və bu, ölkəyə, eləcə də onun gömrük xidmətinə olan etimadın nümunəsidir.
Yeri gəlmişkən, 2016-cı ilin oktyabrında Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətə başlamasının 5 ili tamam olub. Bu münasibətlə oktyabrın 18-də keçirilən mərasim zamanı Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı da baş tutub.
Gömrük təhsili sahəsində inamlı addımlar
Gömrük işinin həyata keçirilməsi insan resurslarının ixtisas və peşəkarlıq səviyyəsindən çox asılıdır. Hələ 1996-cı ildə yaradılan Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi ölkədə bu sahədə ilk tədris müəssisəsi olmaqla, ötən müddət ərzində respublika gömrük orqanları əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onlara nəzəri və praktiki vərdişlər aşılaması, kadrların təlim və tərbiyəsində, xüsusilə də gənclərin yüksək ixtisas almaları işində müstəsna rol oynamışdır.
Hazırda isə Tədris Mərkəzinin bazasında Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 24 yanvar 2012-ci il tarixli sərəncamına əsasən təsis edilən Gömrük Akademiyası 2014-cü ilin sentyabrında fəaliyyətə başlayıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Gömrük Akademiyası Komitə üçün ali təhsilli kadrlar hazırlayır, eləcə də gömrük orqanları işçilərinin əlavə təhsilini və Komitənin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.
Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri də Azərbaycan gömrük orqanlarında kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Akademik tədqiqatların və təhsilin əhəmiyyətini və onun faydalarını tam dərk edən Azərbaycan Gömrük Xidməti gömrük təhsilinin təbliği istiqamətində inamlı addımlar atır. Bu baxımdan, son illər ölkəmizdə mühüm tədbirlər həyata keçirilib.
2014-cü ilin yanvarında Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci konfransı, may ayında isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bali Konfransından sonra Ticarətin Asanlaşdırılması: Siyasətin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 1-ci Qlobal Konfransı təşkil edilib.
Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci konfransında 42 ölkənin, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edib, tədbirdə gömrük işi sahəsində insan resurslarının inkişaf etdirilməsinə dair qabaqcıl təcrübə və bir sıra digər mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 1-ci Qlobal Konfransında isə 65 ölkədən 200-ə yaxın nümayəndənin iştirakı ilə gömrük işi sahəsində tədqiqatlar, araşdırmalar, təhsil və təlimlə bağlı fikir mübadiləsi aparılıb. Konfransda beynəlxalq təşkilat və şirkətlərin, gömrük xidməti, eləcə də gömrük işi ixtisasını tədris edən ali təhsil müəssisələrinin nümayəndələri və elm xadimləri nitq söyləyib. Onların sırasında iqtisadi elmlər üzrə 3 Nobel mükafatı laureatı da olub.
2015-ci ilin sentyabrında daha bir mühüm hadisə - Bakıda 10-cu Beynəlxalq PICARD (gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı) Konfransı baş tutub. Konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 200-dən artıq nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edib.
Nəhayət, 2016-cı il iyunun 29-dan iyulun 1-dək Qəbələ şəhərində "Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda Beynəlxalq Tələbə Konfransı keçirilib. Konfransa 20 ölkənin mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri qatılıb.
Azərbaycan Gömrük Xidmətinin uğurlu gələcəyi
Qabaqcıl dövlətlərin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan Gömrük Xidmətinin uğurlu gələcəyindən xəbər verir.
Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir. Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.
Prezident İlham Əliyevin hələ 2004-cü ilin mayında Belçikaya səfəri zamanı Brüsseldə onun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolunun imzalanması, 2005-ci ilin mayında isə Bakıda ilk dəfə Ümumdünya Gömrük Sərgisi və Forumunun, həmçinin "Heydər Əliyev və Azərbaycan gömrüyünün inkişafı" mövzusunda beynəlxalq simpoziumun, eləcə də 2006-cı ilin fevralında Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin beynəlxalq konfransının keçirilməsi bu sahədə ölkə rəhbərliyinin diqqət və qayğısının əyani nümayişi idi.
Azərbaycan Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər və Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsində də məqsəd məhz gömrük sisteminin inkişafını sürətləndirmək, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək olub.
Azərbaycan Prezidentinin 14 aprel 2009-cu tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq müvafiq ərazilərdə gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də aidiyyəti tədbirlər görülüb.
Nəhayət, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamı, bu sərəncama uyğun olaraq isə dövlət başçısının "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 21 may 2016-cı il tarixli fərmanına müvafiq olaraq "yaşıl" və "qırmızı" dəhlizlərin tətbiqinin önəmini xüsusilə vurğulamaq lazımdır.
Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işi ilə yanaşı, gömrük orqanlarının fəaliyyəti də ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır və qiymətləndirilir. Azərbaycan Prezidentinin 27 yanvar 2017-ci il tarixli müvafiq sərəncamları əsasında gömrükəməkdaşlarınınali xüsusi rütbələrə,orden və medallara,fəxri adlaralayiq görülməsi bütövlükdəgömrükçülərə, gömrük işinə göstərilənyüksək diqqət vəqayğının bariz nümunəsidir. O cümlədən, peşəbayramıərəfəsindəDövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin imzaladığı 24 yanvar 2017-ci il tarixli fərmanı da deyilənləri bir daha təsdiqləyir.Öz növbəsində, əminliklə bildirirəm ki, Azərbaycan Gömrük Xidməti gələcəkdə də ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqlar üzrə öhdəsinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Prezident İlham Əliyevin on üç illik rəhbərliyi dövründə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində inkişafa nail olunub, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi əzmlə davam etdirilib. Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarıdır və istər regional, istərsə də beynəlxalq aləmdə sanballı uğurlar nümayiş etdirir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə həmyaşıd olan Dövlət Gömrük Komitəsinin çoxsaylı kollektivi də ən böyük nailiyyətimiz olan müstəqilliyin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi naminə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində müstəsna rol oynayır və bu missiyanı daim davam etdirəcək.