Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə fevralın 28-də “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin akt zalında baş tutmuş konfransda müvafiq nazirliklərin və dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların məsul əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general- leytenantı Faiq Tağı-zadə respublikamızda Mülki müdafiə qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq dövlət başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirib.
Toplantı iştirakçılarını Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edən
nazir müavini FHN tərəfindən təşkil olunmuş elmi-praktik konfransın sözügedən sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izləyiblər.
Konfransda çıxış edən Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Memarlıq və İnşaat Universitetinin
kafedra müdiri, AMEA-nın müxbir üzvü İslam Musabəyov, FHN Mülki müdafiə qoşunları komandanının müavini, Qərargah rəisi polkovnik Aslan Hüseynov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibinin müavini Səbinə Məhbubi, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov,
Səhiyyə Nazirliyinin şöbə müdiri İsrail Verdiyev mülki müdafiə işinin təşkili istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb, FHN-in gördüyü işləri yüksək qiymətləndiriblər.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə konfransa yekun vuraraq bildirib ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini, müharibə şəraitində olduğumuzu nəzərə alaraq mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcək.
Konfransın sonunda FHN Mülki müdafiə qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilib.
İlhamə ƏBÜLFƏT