“Mənim yaxın dostlarımdan biri vəfat etdiyi üçün rayona getməli oldum. Təsəvvür edin, Fikrət Qocaya hələ başsağlığı verə bilməmişəm, eləcə də yas mərasimində iştirak edə bilməmişəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə münasibət bildirərkən deyib.
Sabir Rüstəmxanlı Yalçının gözlənilməz ölümündən kəndərləndiyini və sarsıldığını bildirib: “Növbə bizə gəlib çatıb, bizim dünyamızı dəyişən vaxtımızdır. Ancaq övladlarımızın bizdən qabağa düşməsi çox ağırdır. Mən Yalçını təkcə Fikrət Qocaya, onun ədəbiyyatımızda xüsusi yeri olduğuna görə tanımıram. Əlbəttə, bunlara görə də deyirəm. Amma mən həm də Yalçını özüm çox yaxşı tanıyırdım.
Son dərəcə mükəmməl təhsil və tərbiyə görmüş, sakit, təvazökar, atasının kölgəsində yatmayan, buna görə imtiyaz güdməyən, gəncliyindən müdrikləşmiş şəxsiyyət idi. Yalçınla az-az görüşsək də, onun xətrini çox istəyirdim. Yalçının ölümü haqqında xəbəri oxuyanda sarsıldım. Ancaq təəssüf ki, bu günə qədər Fikrəti görüb dərdləşə bilməmişəm.
Təəssüflənirəm ki, Yalçın kimi ziyalı bir insanımızı itirdik. Kaş Yalçın yaşlanardı, qoca olardı. Biz istərdik ki, bütün övladlarımızın həyatı yarımçıq bitməsin, yaşasınlar, qocalsınlar. Bu Fikrət və bizim hamımız üçün çox ağır itkidir. Fikrət Qoca dünyanın altını, üstünü görən şəxsdir. Mən ona bu dəhşətli itkini səbirlə adlatmağı arzulayıram, başsağlığı verirəm”.
Nemət