Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində olan təxribatına münasibət bildirərkən qeyd edib.
Ə.Məsimli bildirib ki, Azərbaycan dövləti və xalqı 25 ildən artıqdır ki, məlum dövlətlərin məkrli siyasətinin tərkib hissəsi kimi Ermənistana göstərilən havadarlıq nəticəsində erməni işğalından və vandalizmindən əziyyət çəkir:
“Özünü məzlum göstərib, sonradan “qalibin yanında başkəsən” funksiyasını yerinə yetirən erməni vandalları məhz öz havadarlarına arxayın olaraq aprel döyüşlərindən nəticə çıxarmayıb, yaşlı, qadın, uşaq bilmədən, yenidən dinc əhalini hədəfə almaqdan, mülki əhaliyə qarşı qətliam törətməkdən belə utanmırlar! Təəssüf ki, 25 ildən artıqdır ki, beynəlxalq ictimaiyyət bu erməni vandalizminə biganədir, beynəlxalq təşkilatlar isə daha çox susmağa və mənasız açıqlamalar verməyə üstünlük verirlər”.
Onun sözlərinə görə, Ermənistan ordusu Füzulidə mülki qadın və uşaqların qətliamı ilə bir daha insanlığa qarşı növbəti cinayətini ortaya qoydu: “Bu 2 yaşlı məsum körpənin ölümü hər kəsi sarsıdıb. Bu faciənin təkrarlanmaması üçün hər kəs əlindən gələni etməlidir. Bu terror aktının və vandalizmin pislənməsi üçün beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciətlər intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət cəbhə xəttində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdikləri cinayətlərə biganə olmamalıdır. Avropa Şurası, ATƏT PA və digər strukturlar bu insidentlə bağlı səssiz qalmamalı və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün zəruri addımlar atmalıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin uzadılmasına yox, həllinin sürətləndirilməsinə yönəldilməlidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq və regional qurumların erməni hərbi birləşləmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədəki məlum 4 qətnamə və qərarları işə düşməlidir. Uşaq, ana, nənə qatilləti cəzasız qalmamalı, öz layiqlı cəzalarına çatmalıdırlar! Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır. Bizim mülki şəxslər üçün təhlükə yaradan bütün təhlükə nöqtələrini məhv etməlidir! Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir”.