“Əsrin müqaviləsi”nin müddətinin uzadılması üçün ilk növbədə xarici tərəfdaşlar Azərbaycan tərəfinin tələblərini qəbul etməli idilər.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
O qeyd edib ki, xarici tərəfdaşların Azərbaycanla əməkdaşlıqda marağı kifayət qədər böyükdür: ““Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatır. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, Azəri-Çıraq-Günəşli yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq. Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın. Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilərdi ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin”.
F.Yusifov bildirib ki, müqavilənin imzalandığı ötən 23 ilə yaxın dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisəedilməyəcək bir səviyyədə artıb və bu da ona kontraktın yeni layihəsində öz şərtlərini diktə etməyə əsas verdi:
“Təbii ki, bu şərtlər ölkəmiz üçün əvvəlkindən daha sərfəli olacaq. “Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və ulu öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq.
Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra, mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Bu gün imzalanmış kontraktla Azəri-Çıraq-Günəşli neft yatağının işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılır. Yeni kontraktın şərtləri Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Digər tərəfdən yeni imzalanmış kontraktda Azərbaycan Dövlət Neft Şirkətinin payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq”.
F.Yusifov onu da bildirib ki, 23 il ərzində kontraktın icrası Azəri-Çıraq-Günəşli yatağından 436 milyon ton neft hasil edilməsinə imkan verdi:
“Bu, proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”də hələ də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.