21 Dekabr 2017 10:17
2 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki səfiri Nikki Heylinin Təhlükəsizlik Şurasında Qüds müzakirələrindən əvvəl üzv dövlətlərin səfirlərinə yazdığı şantaj məktubuna Prezident Trampın məlum qərarının məntiqi davamı kimi baxmaq lazımdır. Yəni ABŞ təmsilçiləri prezidentin mövqeyini hər yerdə müdafiə edirlər. Bu mənada burada qeyri-adi bir şey yoxdur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri KXCP sədri Mirmahmud Mirəlioğlu ABŞ-ın BMT-dəki səfiri, xanım Nikki Heylinin Qüdslə bağlı səsvermədən əvvəl üzv dövlətlərin nümayəndələrinə göndərdiyi şantaj məktubunu şərh edərkən söyləyib.

M. Mirəlioğlu deyib ki, ABŞ-nin nümayəndələri hansı üsuldan istifadə etməsindən asılı olmayaraq, Prezident Trampın Qüdslə bağlı qərarını müdafiə edirlər:

“Trampın bu qərarının arxasında ABŞ-ın bütün təmsilçiləri dayanır. Bu məsələni öncədən dini məsələ kimi İƏT-də gündəmə gətirmək doğru deyildi. Çünki bu dini deyil, siyasi məsələdir. Hesab edirəm ki, Qüds məsələsi dünyanın 3 siyasətçisinə xeyir gətirir. Bunlardan biri ABŞ Prezidenti Donald Trampdır. O, ölkəsində özünə qarşı olan diqqəti yayındırmaq, ABŞ-ın problemlərini arxa plana keçirmək məqsədi güdür. İkincisi Türkiyə prezidentidir. Sözsüz ki, bu durum həm də İsrailin baş naziri Netanyahunun da karına gəlib. Netanyahu öz ölkəsində artıq altıncı dəfə idi ki, istintaqa ifadə verirdi. Ancaq Qüds məsələsi bütün digər məqamları arxa plana atdı, sanki Qüds prosesi bu siyasətçilərin əlinə oynadı.

İkincisi, ABŞ-ın Qüds qərarı BMT Təhlükəsizlik Şurasında müzakirə edilərkən ABŞ tərəfinin qətnaməyə veto qoyması yetərli idi. Nikki Heylinin şantaj məktubu yazmasına ehtiyac yox idi. Ancaq nəzərə alın ki, burada hər kəs həm də Qüds qərarına öz münasibətini ortaya qoyur. Bu, həm də dünyanın başını qatmağa hesablanıb və ortada heç nə yoxdur. Bu məsələ gündəmdə qaldıqca əsas problemlər arxa plana keçir. İndi deyirlər ki, BMT-dəki ABŞ səfiri digər nümayəndələri şantaj etmək istəyib. Bunu kim necə qəbul edirsə, o cür də başa düşməlidir. Səfir xanım deyə bilər ki, biz öz müttəfiqlərimizə və dostlarımıza müraciət etmişik. Əslində, BMT-də kimin necə səsverməsinin də təsiri, Trampın da kimin necə səs verdiyini bilmək ehtiyacı yoxdur. Tutaq ki, ABŞ-ın Qüds qərarını dayandırmaq istəyən 14 ölkəyə Tramp nə edəcək? Bəlkə sanksiya tətbiq edəcək? Bu, sadəcə, gündəm yaratmaqdır. İndi bunu müqəddəs savaş kimi qəbul edirlər, əslində isə Qüds prosesinin arxasında çirkin oyunlar dayanır. Məqsəd hamını bu işə cəlb etmək, bu məsələni daha çox diqqətdə və gündəmdə saxlamaqdır”.

Mirmahmud Mirəlioğlu hesab edir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan 14 dövlətin Trampın Qüdslə bağlı qərarının əleyhinə çıxması müsbət addımdır:

“Bunu normal qarşılayıram. Bəzən texniki səsvermə də olur. Çünki ölkəsinin Qüdslə bağlı hansı mövqedə olduğunu onun BMT-dəki nümayəndəsi bilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər