Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına müvəqqəti gətirmə qaydaları sərtləşdirilir.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar DGK tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar 16 avqust 2014-cü ildən etibarən Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaqdır.
Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaqdır.