Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo-2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən “Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Belə ki, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin “Prodexpo-2018” Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq sərginin təşkilatçısı “ExpoCentre” ASC-yə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti nəticəsində ExpoCentre ASC tərəfindən “Stepanakert Konyak Zavodu”nun sərgidə iştirakının qarşısı alınıb.