23 Fevral 2018 14:27
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:23

Prezidentə təşəkkür edirəm ki, vəkillər, cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı fərman verdi. Bu fərman ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat xatırladıb ki, nümayəndəlik institutu ləğv edilən zaman çoxları narahat idi:

“Biz gördük ki, cənab prezident insanların hüquqları ilə bağlı problemləri həll etdi. Bu, çox müsbət addımdır. Qeyd edim ki, prezidentin təkcə fevralda imzaladığı fərmanla 1500 nəfərin cəzası yüngülləşdirilir və onların cəzanın çəkilməyən hissəsindən azad edilməsi prosesi başlayır. Bu özü əslində əfvdir”.

S.Novruzov qeyd edib ki, son illər ölkədə çoxlu sayda əfv və Amnistiya aktı qəbul edilib, kifayət qədər insan azadlığa buraxılıb:

"Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib.
Təəssüf ki, bəzi media orqanları bütün bu tədbirləri tamam başqa cür işıqlandırmağa çalışır. YAP-ın mövqeyi belədir ki, 1993-cü ildən bu yana ölkədə siyasi fəaliyyətinə görə heç kəs həbs edilməyib. Hər bir kəs törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilib. Bəzən görürsünüz ki, mənim adımdan müxtəlif səpkili başlıqlar verilir. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Törətdiyi cinayətə görə həbs edilən şəxslər var. Bu şəxslərdən də kimsə səhvini başa düşür və törətdiyi cinayət əməlindən peşman olursa, əfvə düşür. Azərbaycan hüququ dövlətdir və burada qanunun aliliyi hər şeydən üstündür”.

***

Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat xatırladıb ki, Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi haqda bir müddət əvvəl parlamentdə məsələ qaldırıb:

“Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin sərəncamının olmasına baxmayaraq, Vəkillər Kollegiyası bina ilə təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin ediləcək.

Mən hesab edirəm ki, “Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir. Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır.

Fikrimcə, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır. Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir”.

***

Dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat hesab ediR ki, yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imatahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir.

***

12:33

Hazırda Milli Məclisin bir neçə deputatı Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclsisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Spiker bildirib ki, iclasdan sonra da bir neçə deputat Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda iştirak etmək üçün səfər edəcək: “Onu da qeyd edim ki, hazırda Xocalı soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu istiqamətdə müəyyən addımlar atacaq”.

***

12:52

Milli Məclisin plenar iclasında “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqa qanun layihəsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, layihə haqqında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O, bildirib ki, bu sazişin nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir: "Odur ki, bu haqda geniş danışmağa ehtiyac yoxdur".

Vitse-spikerin çıxışından sonra qanun layihəsi dəstəklənib.

Qeyd edək ki, sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirirək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.

***

12:58

Dekabrın 1-dən bu günə qədər 4 min insan cəzasının yüngülləşdirilməsi məqsədilə müvafiq qurumlara müraciət edib.

Bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə prezidentin sərəncamından sonra Milli Məclis sədrinin tapşırığı ilə araşdırma aparıb.

Komitə sədri deyib ki, bu müraciət əsasında 479 məhkum həbsdən azad edilib:

“585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib,. 59 nəfərin cəza çəkmə rejimi yüngülləşdirilib. Hazırda 1700 təqdimat mövcuddur və 5 mindən çox məhkumun müraciətinin qeydiyyata alınması nəzərdə tutulur. Qanunun icrasından sonra 1500-ə yaxın şəxsin azadlığa buraxılması və minlərlə şəxsin cəzasının yüngülləşdirilməsi gözlənilir. Bu faktiki olaraq Amnisitya aktına bərabər qanundur”.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq:

“Bu yaxınlarda Azərbaycanda xeyli insanın əfv edilməsi gözlənilir. Doğrudur, bu cənab prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu il əfv sərəncamı imzalanacaq”.

***

13:28

Baytarlıq xidmətinin yaxşılaşdırılması diqqət mərkəzindədir, lakin çox ciddi çatışmazlıqlar var.

Bu fikirləri millət vəkili Tahir Rzayev Milli Məclisdə "Baytarlıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili baytarlıq sahəsində mütəxəssislərin çatışmadığını deyib:

“Kolxoz və sovxozlar ləğv ediləndən sonra bu sahəyə maraq azaldı. Fəsil dəyişikliyi ilə bağlı quşlar və heyvanlar arasında kütləvi təlafatlar olur. Baytarlıq orqanlarının əməkdaşları bununla bağlı əhalini maarifləndirməlidir. Lakin bu görünmür. Bəzən ev quşları kütləvi şəkildə məhv olur, lakin səbəbi araşdırılmır. Bəzi ölkələrdə bu məsələlər barədə televiziyada maarifləndirici verilişlər yer alır”.

Millət vəkili mənşəyi məlum olmayan heyvanları satışa çıxaranlar barədə görülən tədbirlərin açıqlanmasının da vacib olduğunu deyib: “Bu ətlər barədə televiziyalarda da məlumatlar təqdim edilir. Lakin bu, insanlar arasında qorxu yaradır. İnsanlar başqa ətləri də almaq istəmir. Bu hallara yol verən insanlar haqqında görülən tədbirlər açıqlanmır. Yaxşı olar ki, qanunsuz ət satmaq istəyənlər aşkar ediləndən 1 ay müddətində həmin şəxslər barədə görülən hüquqi tədbirlər açıqlansın. Acınacaqlı haldır ki, az çəkili heyvanların satışa çıxarılması halları da var. 50-60 kiloqramlıq buzovların kəsilməsi yolverilməzdir. Bu heyvanlar öz ətini tutub yetişməlidir. Bu hal heyvandarlığa çox böyük ziyan vurur”.

***

13:40

Bir çox hallarda piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində qəzalar baş verir. Bir neçə gün əvvəl əfv komissyasının iclasında da ərizlərinin əksəriyyəti piyadaların səbəbkar olduğu qəzalarla bağlı idi.

Bu sözləri millət vəkili Elmira Axundova "Yol hərəkəti" haqqında qanun layihəsi ilə bağlı dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bu hadisələr nəticəsində bəzən iki ailənin məhv olduğunu xatırladıb: “Buna görə də piyadaların piyada keçidlərindən istifadəsi ilə bağlı cəzalar sərtləşdirilməlidir”.

Millət vəkili "Yol hərəkəti" haqqında qanunda sərnişinlər və avtobus sürücüləri ilə bağlı müddəaların da sərtləşdirilməsinin vacibliyini bildirib: “Müvafiq qurumların açıqlamaları göstərir ki, sərnişin avtobusları ilə törədilən qəzaların sayı artıb. Özəl sərnişindaşıma şirkətinin sürücüləri bəzən sürücülük vəsiqəsi olmadan fəaliyyət göstərir. Bu zaman yüzlərlə insanın həyatı təhlükəyə atılır. Bu şəxslərə qarşı cəzalar artırılmalıdır. Mətbuatdan tez-tez sərnişinlərin sürücülərə qarşı kobudluq etməsi halları barədə məlumat alırıq. Hesab edirəm ki, "Yol hərəkəti" haqqında qanunun 32-ci maddəsində boşluq aradan qaldırılmalıdır”.

***

13:53

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Qanun layihəsində yeni cərimələr nəzərdə tutulur.

Qanunun 326-1.1. maddəsinə əsasən Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozduqda:

Taxoqraf olmayanda, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirildikdə, taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadıqda, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırıldıqda fiziki şəxslər yüz əlli manat məbləğdə, vəzifəli şəxslər beş yüz manat məbləğdə, hüquqi şəxslər min manat məbləğdə cərimə ediləcək.

Qanunun 326-1.2 maddəsinə əsasən Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Qanunun 342.1.10-cu maddəsi ləğv edilir. Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

***

Bu anlaşılmazlıq həll edilməsə, “Standartlaşdırma haqqında” qanun layihəsinin tətbiqi şübhə altında olacaq.

Bu fikri Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı vitse-spiker Ziyafət Əsgərov səsləndirib.

Vitse-spiker qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var: “Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlar da tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Mən xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin”.

Spiker Oqtay Əsədov isə bəyan edib ki, qanunun müzakirəsi zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir: “Mən qeyd etdim ki, qanun birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır. Ziyafət müəllim, konseptual yanaşmanın necə olduğunu göstərdi”.

Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitədə müzakirə zamanı da səsləndirilib:

“Qeyd edim ki, Ziyafət müəllimin bəhs etdiyi qanunun 4.2.8-ci maddəsində normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib”.

***

Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir.

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Əli Məsimli deyib ki, Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır: “Ancaq Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olduğunu görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26 faiz aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6 faiz ucuzdur. Lakin əmək haqqı 1,5 dəfə yüksəkdir”.

Deputat keyfiyyət məsələsinə toxunaraq, qatqıların olmasınıda bildirib: “Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur”.

***

Milli Məclisin spikeri Oqtay Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin "Texniki tənzimləmə haqqında” qanun layihəsi ilə bağlı təqdimatına etiraz edib.

Spiker qanun layihələrinin qanunvericiliyin tələblərinə uyğun səviyyədə hazırlanmalı olduğunu bildirib: “Milli Məclis texniki deyil, qanunverici təşkilatdır. Burada hazırlanan qanun layihələrinin hər biri sərbəst şəkildə işləməlidir. Qanunlar bir-birindən asılı olmamalıdır. Əgər qanunların sərbəst şəkildə işləkliyi təmin edilə bilmirsə, onlar birləşdirilməlidir. Əks halda qanun layihələri sərbəst işləyəcəkləri şəkildə hazırlanmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər