12 Avqust 2014 12:28
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinlinin Modern.az saytına müsahibəsini təqdim edir:

- Əli müəllim, Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə bölgəsində gərginlik yaranıb. Beynəlxalq təşkilatların buna reaksiyasına münasibətiniz necədir?

- Bir sıra beynəlxalq təşkilatlar və aparıcı dövlətlər qoşunların təmas xəttindəki gərginliyin artmasından sadəcə narahatçılıqlarını bildiriblər. Amma bu hadisələrin əsas səbəbkarı və təqsirkarı Ermənistan dövlətidir. Döyüşlərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yox, həm də Azərbaycan-Ermənistan sərhədində (Qazax, Tovuz rayonları) getməsi bir daha onu göstərdi ki, konfliktin təcavüzkar tərəfi məhz Ermənistan dövlətidir. Bir sıra xarici dairələr və siyasətçilər qondarma Dağlıq Qarabağın idarəetmə orqanlarının, özünümüdafiə qüvvələrinin olması ilə bağlı fikirlər söyləyirdilər. Bunlar hamısı absurddur. Azərbaycan ordusu tərəfindən layiqli müdafiə cavabını aldıqdan sonra Ermənistan hökumət və parlament üzvlərinin cəbhə xəttinə gəlmələri də bunu bir daha sübut edir. Ona görə də bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası, ATƏT-in Minsk Qrupu Ermənistan tərəfinin bu işğalçı və təcavüzkar siyasətini davam etdirməsinə münasibət bildirməlidir. Təəssüf ki, biz hələ bunu müşahidə etmirik. Ermənistan silahlı qüvvələrinin dinc əhalini, o cümlədən uşaqları gülləboran etməsi ilə bağlı davranışı isə onların əsl simasını göstərir. Biz mütləq təmsil olunduğumuz Parlament Assambleyalarının qarşıdan gələn toplantılarında bu hadisələri diqqətdə saxlayacağıq.

- Bütün bunlarla yanaşı cəbhə bölgəsindən əsgərlərimizin həlak olması ilə bağlı yenə də xəbərlər gəlir…

- Baxmayaraq ki, Azərbaycan ordusunun da itkiləri olub, amma Ermənistan tərəfinin itkiləri bundan qat-qat çoxdur. Cəbhədəki son gərginlik zamanı Azərbaycan əsgərlərinin əldə etdiyi üstünlük bir daha onu göstərdi ki, Ali Baş komandan tərəfindən müasir ordu quruculuğu ilə bağlı həyata keçirilən islahatlar öz müsbət nəticəsini verir. Hər il dövlət büdcəsindən ordumuza ayrılan vəsaitin artırılması, müasir hərbi texnikanın alınması, hərbçilərin maddi sosial vəziyyətinin yaxşılaşdırılması kimi tədbirlər çox effektiv olub. Eyni zamanda qeyd etməliyik ki, hərbçilərimizin mənəvi durumu və vətənpərvərlik hissləri də çox yüksəkdir. Yeri gəlmişkən, əvvəlki illərdə əsgər ölümü ilə bağlı hadisələrin radikal müxalifət və xarici dairələr tərəfindən süni surətdə siyasiləşdirilməsi cəhdlərini müşahidə edirdik. İndi onların bir çoxları ifşa olunub və insanlar özləri də bu cür hadisələrin qarşısını alır.

- Sizcə, söylədiklərinizlə yanaşı başqa nə etmək lazımdır ki, hətta döyüş şəraitində belə əsgərlərimizin tələf olması minimuma ensin?

- Hesab edirəm ki, ordu rəhbərliyi, o cümlədən zabit heyəti əllərindən gələn hər bir tədbir görürlər ki, daha az itki versinlər. Bununla yanaşı, bilməliyik ki, ordu quruculuğu təkcə hərbiçilərin yox, həm də bütün cəmiyyətin işidir. Vacibdir ki, gənclərimiz artıq orduya, hərbi xidmətə qədəm qoyana qədər yaxşı fiziki və mənəvi hazırlığa malik olsunlar. Hesab edirəm ki, keçmişdə mövcud olmuş “vətənin müdafiəsinə hazıram” normativlərinin hər hansı bir müasir formasının yenidən işlənib hazırlanması və məktəblərdə keçirilməsi zəruridir. Bu fiziki normativləri yeniyetmə və gənclik dövründə yerinə yetirə bilənlər artıq əsgər həyatına hazır olmuş olurlar. Eyni zamanda, məktəblərdə hərbi hazırlıq dərslərinin real keçirilməsi vacibdir. Bu işdə keçmiş hərbiçilər də yaxından kömək göstərə bilərlər. Bununla yanaşı bir fikri də qeyd etmək istəyirəm: Müasir və inkişaf etmiş ölkələrin orduları “gələcəyin əsgəri” ekipirovkasına keçiblər. Hərbiçilər bunun nədən ibarət olduğunu daha yaxşı bilirlər. Bu ekipirovka xüsusi baş kaskasından, bronojiletdən, dizləri və ayaqları qoruyan şitlərdən, gözləri qəlpələrdən qoruyan eynəkdən, xüsusi döyüş silahlarından və texniki ləvazimatdan ibarətdir. Yeri gəlmişkən, bu ilin payızından artıq Rusiya ordusu da belə xüsusi ekipirovkaya keçəcək. Əlbəttə, bu ekipirovka bahalıdır, amma inanıram ki, Azərbaycan dövlətinin iqtisadi gücü ön cəbhədə döyüşən əsgərləri gələcəkdə belə xüsusi ləvazimatla təmin etməyə imkan verəcəkdir.


Müəllif: