Azərbaycan Ordusunun həyata keçirdiyi “Günnüt əməliyyatı” Ermənistanla Azərbaycan arasındakı müharibənin gedişatı zamanı yaradılmış dönüşün daha bir nöqtəsi oldu.
Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Araz Aslanlı deyib.
O qeyd edib ki, vaxtilə Azərbaycan da, həmsədrlər də Qarabağ problemini mərhələli yolla həll etməyin mümkün olduğunu bildirdilər:
“1997-ci ildə Levon Ter-Petrosyan bu təkliflə razılaşsa da, onu devirdilər. Sonrakı illərdə sülh üçün yenidən imkan yarananda, yəni 1999-cu ilin oktyabrında Ermənistan parlamentinə silahlı hücum oldu və ermənilər “bir-birini qırdılar”. Mübariz İbrahimovun və digər qəhrəmanlarımızın, ümumilikdə ordumuzun şücaəti psixoloji üstünlüyün Ermənistandan Azərbaycana keçməsi üçün dönüş yaratdı. 2014-cü ildə Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun helikopterini vurdu. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi nəticələr psixoloji üstünlüyün Azərbaycana keçməsi istiqamətində ən ciddi amil oldu. Ermənistan 2017-ci ilin fevral və mart aylarında bunu geriyə çevirməyə çalışsa da, alınmadı. Nəhayət, Azərbaycanın növbəti addımı “Günnüt əməliyyatı” oldu”.
Politoloq qeyd edib ki, yayılan məlumatlara görə, may ayının sonlarında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı qısamüddətli döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı işğal altında olan bəzi əraziləri azad etməsi ilə nəticələnib. “Günnüt əməliyyatı” çərçivəsində Şərur rayonunun Günnüt kəndi, ətafındakı yüksəkliklər, ardınca da Xunut dağı və Ağbulaq yüksəkliyi azad edilib:
“Daha sonra İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verən Qızılqaya dağı və Mehridağ, Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri irəli çəkilib. Beləliklə, “mərhələli həll” yolu davam edir. Amma bu dəfə başqa formada. Bu yol bir qədər uzun və bir qədər ağrılı ola bilər. Amma əsas odur ki, hədəfə dorğu getməyə davam edək. Heç vaxt vaz keçməyək. İnanaq və əlimizdən gələni edək.
Ermənistan tərəfi bunu başa düşüb normal mərhələli həllə yanaşsa, proses sürətlənə və tərəflər üçün daha az itkiylə başa çata bilər. Əks halda mövcud “mərhələli həll” yolu ilə Azərbaycan gec-tez istədiyini alacaq”.