15 İyun 2018 11:24
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyun 1993-cü il Azərbaycanın müasir tarixinin başladığı dönəmdir. Biz tariximizi həmin dövrədək və ondan sonrakı dövrə bölərək qiymətləndiririk.

Teleqraf.com xəbər verir ki, bunu 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, müstəqilliyimizi 1991-ci ilin 18 oktyabrında qazansaq da, iki il ərzində hakimiyyətdə olan siyasi komandalar verilmiş şansdan istifadə edə bilmədilər:

“Azərbaycan dövlətçilik modelini tapa, qonşu dövlətlərlə münasibətlər qura bilmədi. Hər hansı islahatdan da söhbət gedə bilməzdi. Ən əsası isə təcrübəsizlik, yolun düzgün seçilməməsi, cəmiyyətin maraqlarının düzgün ifadə edilməməsi Azərbaycanın problemlərini günü-gündən artırırdı. Azərbaycan cəmiyyəti vaxtilə ona rəhbərlik etmiş Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışının bu problemlərdən çıxış yolu olduğunun fərqinə varırdı. Yaxşı nümunə də var idi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməsi həmin bölgədə sabitliyin yaranmasına, insanların ümidlərinin doğrulmasına səbəb olmuşdu. Həmçinin, yeni Azərbaycan modeli ortada idi və cəmiyyət buna qiymət verirdi. Ona görə də 1993-cü ildə Azərbaycanda artıq hakimiyyətin siyasi böhranı başlayanda cəmiyyət çıxış yolunu Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində gördü və mən deməzdim ki, həmin dövr hakimiyyəti Heydər Əliyevi dəvət etdi. Sadəcə olaraq həmin dövr hakimiyyəti Azərbaycanın müstəqilliyinin əldən getməsinin, vətəndaş müharibəsinin başlandığının fərqinə varırdı. Eyni zamanda özlərinin şəxsi təhlükəsizliyi də çox böyük sual altında idi. Xalqın təkidi ilə Heydər Əliyev 1993-cü ilin 15 iyununda parlamentin sədri seçildi. Müəyyən müddətdən sonra prezident səlahiyyətlərinin icraçısı oldu. 1993-cü ilin oktyabrında isə prezident seçilərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü”.

A.Mirzəzadə əlavə edib ki, 15 iyun hər bir azərbaycanlı üçün sözün əsl mənasında milli qurtuluşdur:

“Bu, anarxiyadan, səbatsızlıqdan, verilmiş tarixi şansı itirmək qorxusundan qurtuluşdur. Bu, Azərbaycanın inkişafını şərtləndirən yolun seçilməsini təmin edən qurtuluşdur. Həmin dövrdə Heydər Əliyevə ümid bəsləyən cəmiyyət zaman keçdikcə, öz seçimində düzgün olduğunu bir daha yəqin etdi. Qısa zamanda Azərbaycanın daxilində stabillik yarandı, 1994-cü ildə ölkədə inflyasiyanın qarşısı alındı, 1995-ci ildə indiyədək hüquqi dövlətimizin əsasını təşkil edən konstitusiyamız qəbul edildi, Azərbaycan beynəlxalq birlikdə nüfuz sahibi olmağa başladı. 2018-ci ilin Azərbaycanı 1993-cü ilin 15 iyununda Azərbaycan cəmiyyətinin düzgün seçiminə verilən ən yüksək qiymətdir”.

Qeyd edək ki, 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdıb. O, həmin gün Azərbaycan Ali Sovetinin sədri seçilib. Sonralar Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycanın qurtuluş günü kimi salınması təklifi ilə çıxış ediblər. Milli Məclis öz növbəsində bu təklifi bəyənib və 1997-ci ilin 15 iyununda qəbul etdiyi qərarla bu günü bayram kimi rəsmiləşdirib. 1998-ci ildən isə bayrama dövlət statusu verilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər