Ermənistan hakimiyyəti yerli ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün ara-sıra Dağlıq Qarabağın Azərbaycana qaytarılmayacağını bəyan edir.
Teleqraf.com-a açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov belə deyib.
AKP rəhbəri qeyd edib ki, Ermənistan iqtidarının bu ritorikası həmçinin münaqişənin həll prosesində çaşqınlıq yaratmağa xidmət edir:
“Ermənistan rəhbərliyi başa düşür ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və müəyyən zamandan sonra bu torpaqlar geri qaytarılacaq. Bütün beynəlxalq təşkilatlar da, beynəlxalq hüquqi aktlar da Azərbaycanın tərəfindədir. Sadəcə olaraq, Nikol Paşinyan yeni hakimiyyətə gəlib, ermənilərin ac qarınlarını da doydurmaq lazımdır. O da bu qarınları boş sözlərlə doldurur. Bu gün ermənilərin özləri normal yaşaya bilmədikləri üçün öz qanuni ölkələrindən – Ermənistandan imtina edib başqa dövlətlərə üz tuturlar. Qaldı ki, Qarabağı Azərbaycana qaytarmamağa, bu, Ermənistanın görə biləcəyi iş deyil. Hesab edirəm ki, Azərbaycanın böyük iqtisadi gücünü və güclü ordusunun da qüdrətini nəzərə alan Ermənistanın Dağlıq Qarabağı geri qaytarmamaq kimi bir seçimi yoxdur. Əks halda, baş verənlərin məsuliyyətini Azərbaycan daşımayacaq”.
Rauf Qurbanov münaqişənin dinc yolla həlli üçün variantların tükənmədiyini bildirib:
"Hesab edirəm ki, Ermənistan rəsmilərinin bu kimi açıqlamalarını təbliğat xarakterli fikirlər kimi qiymətləndirirəm. Ermənistanın bu siyasətinə qarşı ata biləcəyimiz addımlara gəlincə, mən Azərbaycan hakimiyyətinin Qarabağla bağlı siyasətini dəstəkləyirəm. Azərbaycan beynəlxalq arenada Dağlıq Qarabağın geri qaytarılması üçün lazım olan işləri görür, addımları atır. Əlbəttə, münaqişənin dinc yolla həll variantları tükənməyib, amma bu nəticə verməsə, hərb yoluna üz tutula bilər. Ordumuz və cəmiyyətimiz də, belə bir döyüşə hazırdır”.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Ara Babolyan Dağlıq Qarabağı Azərbaycana qaytarmaq niyyətində olmadıqlarını bildirib.