İyulun 27-də - "Jara-2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üstündən keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasındadır.
Tədbirin aparıcısı qırmızı xalıdan keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər pozitiv axının olmasına heyrətini ifadə edib.
Leyla Əliyeva festivalın birinci gününün yüksək səviyyədə keçdiyini qeyd edərək iştirakçılara və tamaşaçılara gözəl vaxt keçirməyi arzulayıb.
Qırmızı xalıdan festivalın təşkilatçısı Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Azərbaycanın Xalq Artisti Emin Ağalarov və övladı, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov həyat yoldaşı, qızı və digərləri keçiblər.
Festivalın təşkilatçılarından olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Sergey Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.
Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı, festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps və "Russkoye Radio"nun, "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.