Brüsseldə baş tutan görüş yeni erməni həmkarımla ilk məzmunlu təmasım idi. Biz nəticəyə hədəflənmişik və bu istiqamətdə intensiv substantiv dialoqu davam etdirməyə hazırıq.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yeni görüşün yeri və tarixinin müəyyənləşməsi texniki məsələlərdir və diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin artıq uzun illər getdiyini xatırladıb: “Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş nizama salınma üzrə mərhələli model çoxdan hamıya məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqe dəfələrlə səsləndirilib.
Əfsuslar olsun ki, indiyə qədər biz buna son qoya bilməmişik. Nizama salma prosesinin irəliləməsi üçün mövcud format əsasında gündəlikdə olan substantiv danışıqların intensivləşdirilməsini təmin etmək lazımdır”.
Nazir bildirib ki, Azərbaycan dialoqa açıqdır: "Amma bu nəticəyə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlanmasına yönəlmiş məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır. Bu müşkül məsələni həll etmək lazımdır. Bundan sonra yaranan bütün problemlərin həlli tamam başqa xarakter alacaq və belə çətinliklərlə əlaqəli olmayacaq”.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun mandatı haqqında sənəddə bildirilir ki, Minsk qrupu öz fəaliyyətində müvafiq beynəlxalq hüquq prinsipləri və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki yekun aktının müddəalarına əsaslanır: “Beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstəkləyir. Münaqişənin həlli məhz bu müddəalara əsaslanmalıdır. Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.
Elmar Məmmədyarov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri müddətinə malik deyil və icraya yönəlməlidir.