Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.
Teleqraf.com xəbər verir ki, əvvəlki illərdə olduğu kimi bu il də Aşura günündə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 28 məntəqədə keçirilən qanvermə aksiyaları bu gün səhər saat 09:00-dan başlayıb. Qanvermə aksiyaları 20 məscid və 8 xəstəxanada keçirilir. Tədarük olunan qan hemofiliyalı, talassemiyalı, leykozdan əziyyət çəkən və digər şəxslərin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır.