Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) ilə Dövlət Statistika Komitəsinin təşkil etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) göstəriciləri üzrə məlumatların artırılmasına həsr olunmuş təlim işə başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə DİM-lərin milliləşdirilməsi və FAO-nun dəstəyi ilə 21 göstəricinin hazırlanmasına cəlb olunmuş dövlət qurumlarının 35 təmsilçisi bir araya gəlib.
Təlim seminarını Avropa və Mərkəzi Asiya regionu üzrə FAO-nun statistika mütəxəssisi Giorgi Kvinikadze və FAO-nun DİM göstəriciləri üzrə eksperti Zaza Çelidze aparır.
FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib ki, məlumatların toplanılması, hədəflərin monitorinqi və irəliləyişin ölçülməsi sahəsində yeni, kəsərli üsulların tətbiqi DIM-lərə nail olmaq üçün mühüm amillərdən biridir.
FAO nəticə və maneələrin monitorinqi və hesabatlığını təkmilləşdirmək məqsədi ilə ölkələrin potensiallarının artırılmasını dəstəkləyir.
Bugünkü tədbir Dövlət Statistika Komitəsinin DİM göstəricilərinin müəyyənləşdirilməsi üçün potensialın artırılmasına dair texniki yardım müraciətinə əsasən FAO-nun hazırladığı müvafiq layihə çərçivəsində təşkil olunub.