28 Sentyabr 2018 14:35
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Teleqraf.com-a bildiriblər ki, sentyabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstəsi qoyub.

Eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq görülmüş geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur ilə tanışlıq olub.

Səfər Mehdiyev kənd məktəbində müəllim və şagirdlərlə görüşüb, məktəbə Dövlət Gömrük Komitəsi adından kompüter və kondisioner hədiyyə edib.

Həmçinin komitə sədri yerli sakinlərlə görüşüb, onların şəraiti və qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, Cocuq Mərcanlı kəndində görülən işlər və yaradılan şərait ölkəmizdə hər bir sahədə gedən dinamik inkişafın bariz nümunəsidir.

Sakinlər kənd azad edildikdən sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlının yenidən qurulduğunu, insanların təhlükəsiz yaşayışının təmin edildiyini bildirib, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər Mehdiyev Cocuq Mərcanlı kəndində yeni tikilmiş tibb məntəqəsi və məscid binası ilə də tanış olub.

Daha sonra vətəndaşların qəbulu keçirilib.

Qəbulda bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər