Dəfələrlə İran hakimiyyətindən bir neçə nazir postuna azərbaycanlı millət vəkillərinin təyin edilməsini tələb etmişik. Lakin bu tələblərimiz həmişə gözardı edilib.
Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd İsmayıl Səidi deyib.
Onun sözlərinə görə, nazir postuna azərbaycanlıların seçilməsi məsələsi hər zaman güneyli millət vəkillərinin gündəmində olub, dəfələrlə bu barədə təklif irəli sürmüşük:
“Bölgənin millət vəkilləri çalışıb ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən ən azı bir neçə nəfər Nazirlər Kabinetində olsun. Ona görə ki, bu bölgənin ölkənin müdafiəsi və digər məsələlərdə böyük rolu olub. Tələbimiz yenə gündəmdədir, bizim bölgədən bir neçə nəfər Nazirlər Kabinetində olmalıdır. Təəssüf ki, bu məsələ hər zaman gözardı edilir, hazırkı hökumət də bu günədək bu məsələni diqqətə almayıb. Halbuki hökumət peşəkar kadrlarımızdan istifadə edə bilər”.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı millət vəkili Məsumə Ağapur Əlişahi də parlamentdə çıxış edərək bu məsələni gündəmə gətirib. O, Nazirlər Kabinetində ən az bir qadın, bir türk və bir sünni məzhəbinə mənsub şəxsi görmək istədiyini bildirmişdi.