Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Türkmənistanın qarşıdan gələn milli bayramı – Müstəqillik Günü münasibətilə Rəşid Meredovu təbrik edən Novruz Məmmədov Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Baş nazir Novruz Məmmədov ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, Rəşid Meredovun səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. “Siyasi sahədə əlaqələrimiz inkişaf edir. Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının, parlamentlərarası dostluq qruplarının, səfirliklərimizin fəaliyyəti ilə yanaşı, bu cür səfərlər münasibətlərimizin dərinləşməsinə töhfə verir”, - Baş nazir Novruz Məmmədov vurğulayıb.
İki ölkə arasında iqtisadi sahədə əlaqələri birgə səylərlə daha da inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu qeyd edən Azərbaycanın Baş naziri dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə yükdaşımaları, energetika sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
Bakıya ölkələrimizin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə gəldiyini deyən Rəşid Meredov qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkmənistanın qarşılıqlı olaraq mədəniyyət günlərinin və birgə xalça sərgilərinin keçirilməsi imkanları ilə bağlı, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.