Narkomaniyanın əsas əlamətlərindən biri narkotik vasitələrdən sui-istifadə zamanı reaktivliyin dəyişilməsidir ki, bu özünü narkotik vasitələrə patoloji meyillilik, dəyişilmiş tolerantlıq, narkotik vasitədən imtina zamanı abstinent sindromun inkişafı ilə ifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzin məlumatında qeyd olunur.
Müqayisəli olaraq, narkomaniyanın formalarının və onların inkişafının öyrənilməsi narkomaniya üçün ortaq olan simptomların diaqnostikasında mühüm rol oynayır.
Bu qrup simptomlar asılılıq dinamikasını göstərir ki, bu da nəinki narkomaniyanın simptomologiyası, hətta sindromologiyası haqda danışmağa imkan verir.
Narkomaniya zamanı aşağıdakı hallar qeyd olunur:
- Orqanizmin dəyişilmiş reaktivlik sindromu (qoruyucu reaksiya, tolerantlıq, istifadə forması)
- Psixi asılılıq sindromu (obsessiv meyl, intoksikasiya zamanı psixi komfort)
- Fiziki asılılıq sindromu (kompulsiv meyl, miqdara nəzarətin itirilməsi, abstinent sindromu, intoksikasiya zamanı fiziki komfort)
Bu üç sindrom böyük narkoloji sindromu təşkil edib, narkomanı sağlam şəxsdən fərqləndirir. Narkoloji sindromun hər bir struktur elementləri narkomaniyanın formasından və prosesin stadiyasından asılı olaraq üzə çıxır.
Xəstəliyin inkişafı zamanı qeyd olunan sindromlar eyni vaxtda yaranmır. İlkin olaraq dəyişilmiş reaktivlik və psixi asılılq sindromu qeyd olunur.
Fiziki asılılıq sindromu digər iki sindromlar fonunda gec formalaşır.